5 Yanvar 2015 16:35
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas diqqət parlament seçkilərinə yönələcək

2015-ci il ölkəmizdə parlament seçkiləri ilə yadda qalacaq. Artıq siyasi partiya nümayəndələri çıxışlarında əsas güclərini seçkilərə qoyacaqlarını bildiriblər.

Bəs, partiyalar parlament seçkilərinə necə hazırlaşır, ümumiyyətlə, bu ilki fəaliyyət proqramlarında nələr var?

“Əsas diqqət parlament seçkilərinə yönələcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, əsas diqqət parlament seçkilərinə yönələcək. Onun sözlərinə görə, bu, Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir: “Hər bir partiyanın diqqəti də bu istiqamətə cəlb olunacaq. Bundan başqa, təşkilatlanma prosesi davam edəcək. Partiyanın müvafiq qurumları artıq bu istiqamətdə uzun müddətdir fəaliyyət göstərir. Bundan sonra veriləcək qərarlar və atılacaq addımlar partiyanın növbəti Ali Məclisinin toplantısında da qəbul olunacaq. Yəni, adətən siyasi partiyalarda bütün qərarlar partiyanın müvafiq qurumlarının, Ali Məclisinin, İdarə Heyətinin seçkili orqanlarında qəbul olunur. Bu baxımdan hadisələri tələsdirmək istəməzdim. Amma partiya bütün seçkilərdə iştirak edir və buna da üstünlük verir. Partiyada hansısa islahatların aparılması, işlərin görülməsi kimi məsələlər partiya sədrinin səlahiyyətlərinə aid bir məsələdir. Əgər belə bir addımlar atılacaqsa, bu barədə mətbuata informasiya veriləcək”.

“10-a yaxın rayonda təşkilatlanmaq niyyətimiz var”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, partiya fəaliyyət proqramı tərtib edir, həmin proqram əsasında fəaliyyət qurulur: “Bütün işlərimizi bu proqram əsasında həyata keçirəcəyik. Çünki başqa cür də fəaliyyət imkanımız məhduddur. Həm də bu proqram Məclisdə təsdiq olunur. Daha çox parlament seçkiləri ilə bağlı fəaliyyətimiz qurulacaq. Ona görə ki, bu il ən böyük nəzərdə tutulan tədbir parlament seçkiləridir. Bu seçkilərdə də aktiv iştirak etmək niyyətindəyik”.

F.Mustafa əlavə edib ki, proqramda partiyanın yerli təşkilatlarının yaradılması məsələsi də var: “Çünki 10-a yaxın rayonda təşkilatlanmaq niyyətimiz var və artıq bu istiqamətdə proseslər gedir. Eyni zamanda bir sıra məsələlər var ki, onların həlli nəzərdə tutulub”.

“Partiyanın qurultayının keçirilməsini planlaşdırmışıq”

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının üzvü Ülkər Abdullayeva deyib ki, hər il partiyanın Siyasi Şurası illik fəaliyyət planı hazırlayır və təsdiqləyir. Onun sözlərinə görə, 2015-ci il üçün də DİP-in fəaliyyət planı var: “Təbii ki, ənənəvi olaraq, partiyanın müxtəlif tədbirlər keçirməsi nəzərdə tutulur. Həm də 2015-ci il ölkədə parlament seçkiləri ilidir. Bizim partiyanın əsas hədəflərindən biri məhz bu parlament seçkilərində fəal şəkildə iştirak eləməkdir. Xüsusilə, gəncləri, qadınları bu prosesə cəlb etmək nəzərdə tutulub. Məqsədimiz odur ki, parlament seçkilərində bir neçə yer qazanaq. Amma bütün bunlarla yanaşı, digər fəaliyyətlərimiz də davam edəcək”.

Ü.Abdullayeva bildirib ki, siyasi partiyalarda təşkilatlanma daimi bir prosesdir: “Bizim partiyanın da rayon təşkilatları var və bu təşkilatlara yeni üzvlər cəlb olunur, rəhbərlərin dəyişikliyi baş verir. Bu il həm də partiyanın qurultayı gözlənilir. Parlament seçkilərindən öncə partiyanın qurultayının keçirilməsini planlaşdırmışıq. Hələ ki dəqiq vaxt deyə bilmərəm. Çünki partiyamızda hər ay Siyasi Şuranın toplantısı keçirilir və yanvar ayında da olacaq. Biz bu toplantıda yəqin ki, qurultayın dəqiq tarixini müəyyənləşdirəcəyik. Maksimum çalışırıq ki, qurultay vaxtı heç bir problem olmasın. Qurultayın tarixi bəlli olan kimi bu barədə mətbuata məlumat verəcəyik. Bu mənada təşkilatlanma prosesi bir dəfə həyata keçirilmir, daima olaraq bu davam edir. Amma qeyd edim ki, bu işlər 2015-ci ildə daha fəal şəkildə olacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər