Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasının pəncərəsindən yerə atıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.