13 Yanvar 2015 11:24
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leyla Abdullayeva: “Azərbaycanda dini, etnik, mədəni dözümlülük hökm sürməkdədir”

“Humanitar sahə də ictimai həyatın digər sferaları kimi, Prezident İlham Əliyevin diqqətindədir. Cənab Prezident Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə əlaqədar sərəncam verdi. Bu, özü-özlüyündə böyük bir göstəricidir. Məlumdur ki, bütün dünyada ölkəmiz tolerantlıq və çoxmədəniyyətliliyin mərkəzi, nümunəsi kimi tanınır. Bu təcrübə artıq digər ölkələrə də yayılmalıdır.

Eyni zamanda, humanitar sahədə xeyli tədbirlər, layihə və proqramlar reallaşdırıldı. Gənclər Siyasəti üzrə Qlobal Forumun ilk iclası məhz Bakıda keçirildi. Artıq ənənə halını almış Bakı Humanitar Forumunun fəaliyyətini vurğulamaq lazımdır. Artıq 4-cü belə tədbir baş tutdu. İkinci Qlobal Açıq Cəmiyyət Forumu da Bakıda baş tutdu. Bütün bunlar göstərir ki, bu sahədə Azərbaycan modeli mövcuddur və digər ölkələr üçün də maraqlıdır. Azərbaycanda dini, etnik, mədəni dözümlülük hökm sürməkdədir. Halbuki, Avropanın özündə islamafobiya meyilləri, antisemitizm halları günü-gündən çoxalmaqdadır”.

Bunu millət vəkili Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, ölkəmizdə demək olar ki, bütün dini konfessiyaların icmaları var: “Onlar sərbəst, rahat, ölkə qanunları çərçivəsində fəaliyyət göstərirlər. Yəhudi, xristian, o cümlədən katolik, pravoslav icmaların rəhbərliyi arasında və bizim ənənəvi İslam icmaları arasında dünyada nümunə ola biləcək əməkdaşlıq münasibətləri mövcuddur. Bu günlərdə Bakıda möhtəşəm məscid kompleksinin açılışı oldu. Bu kompleks dindarların ixtiyarına verildi. Açılış zamanı cənab Prezident nitqində Azərbaycanda olan tolerant mühit haqqında önəmli fikirlər səsləndirdi, dövlətimizin bu siyasətə həmişə sadiq qalacağı bildirildi. Humanitar sahədən danışarkən əlbəttə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır”.

Deputat qeyd edib ki, son illər Azərbaycan mədəniyyəti ciddi şəkildə təbliğ olunur. Onun sözlərinə görə, mədəniyyət elə bir sahədir ki, onun vasitəsilə ən müxtəlif dairələrə səsimizi çatdıra, təbliğatımızı apara bilərik: “Mədəniyyətin gücü, qüvvəsi də məhz bundan ibarətdir. Bu baxımdan, bizim bəxtimiz doğrudan da gətirib. Çünki bir tərəfdən bizim çox zəngin, qədim mədəniyyətimiz vardır. Digər tərəfdən isə dövlətimiz milli mədəniyyətimizin qorunması, təbliği ilə bağlı uğurlu mədəniyyət siyasəti həyata keçirir. İki il öncə biz ”Mədəniyyət haqqında" qanunu yenidən qəbul etdik. Bu qanunda bir sıra yeni müddəalar təsbit olundu. Mən onların içərisində xüsusilə Azərbaycan mədəni irsinin təbliği ilə bağlı vəzifələrin müəyyənləşdirilməsini qeyd edərdim. Gələcəkdə Azərbaycan evləri yaradılacaq ki, bu təsisatlar birbaşa bu məsələ ilə məşğul olacaq. Eyni zamanda, əlbəttə ki, yeni bir maddə qanunda əks olundu və hesab edirəm ki, bu çox mühüm müddəa sayılmalıdr - xarici ölkələrdə olan milli mədəniyyət nümunələrinin Azərbaycana qaytarılması. Bütün bunlar göstərir ki, dövlətimiz artıq Azərbaycan mədəniyyətinə bütövlükdə sahib çıxmaqdadır. Bundan başqa, mədəni irsimiz geniş mənada başa düşülməkdədir - milli mətbəximiz, folklorumuz, muğam, aşıq sənəti, xalçaçılıq da buraya aid edilir bə bu sahələrin hər biri haqda qanun layihəsi ya qəbul olunub, ya da planlaşdırılır. Mən xüsusilə muğam sənətini qeyd edərdim. Son dövrlərdə az qala unudulmaqda olan bu sənət Mehriban Əliyevanın dəstəyilə yenidən parladı və bu gün bizim mədəniyyət və incəsənətimizin bir simvolu halına gəlib. Avropada, ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği də sistematik şəkildə aparılır. Ölkəmiz ciddi və böyük yarışmalara, festivallara qatılır. Eyni zamanda, bizdə də bu cür tədbirlər yüksək səviyyədə keçirilir. Bir sözlə, mədəniyyətə qayğı və diqqət ən yüksək səviyyədədir".

CAVİDAN


Müəllif: