15 Yanvar 2015 14:58
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mais Güləliyev: "Vətən" bloku olaraq qatılacağıq"

Rauf Qurbanov: "Qapımız sol yönümlü partiyalara açıqdır"

Parlament seçkilərində iştirak edəcək partiyalar indidən fəaliyyətə başlayıb. Artıq siyasi təşkilatlar arasında açıq və gizli danışıqlar gedir, partiyaların tək, yoxsa blok şəklində seçkilərə qatılacağı müzakirə edilir.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev bildirib ki, onun rəhbərlik etdiyi partiya parlament seçkilərinə ciddi hazırlaşır. Onun sözlərinə görə, AYP blok şəklində parlament seçkilərinə qatılacaq: "Biz Ədalət və İslam partiyaları ilə birgə qərar vermişik ki, 2015-ci ildə keçiriləcək parlament seçkilərində "Vətən" bloku adı altında iştirak edək. Bu blok əvvəllər də keçirilən seçkilərdə birgə iştirak edib. Bu dəfə keçiriləcək parlament seçkilərində də 125 dairənin hər birindən "Vətən" blokunun namizədləri irəli sürüləcək. Biz artıq bu istiqamətdə lazımi işlər həyata keçirməyə başlamışıq".

M.Güləliyev onu da deyib ki, AYP Avropa Yaşıllar Partiyasında assosiativ üzv kimi təmsil olunur: "Biz xaricdə bu partiyanın üzvü kimi öz fəaliyyətimizi davam etdiririk. O cümlədən bizim partiya ilə Gürcüstan Yaşıllar Partiyası birgə fəaliyyətlə bağlı memorandum imzalayıb. Xaricdəki siyasi partiyalarla olan əlaqəmiz əsasən regional siyasətin, dünyada baş verən qlobal hadisələrin müzakirəsindən ibarət olur. Məsələn, son vaxtlar neftin qiymətinin dünya bazarında düşməsini müzakirə edərək ciddi nəticələrə nail olmuşuq. O cümlədən regional əməkdaşlıq, həm də neftin qiymətinin düşməsinin nə kimi təsirləri ilə bağlı fikir mübadiləsi aparırıq".

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, partiya olaraq respublikanın ictimai-siyasi həyatında hər zaman fəal iştirak ediblər. Onun sözlərinə görə, bu il keçiriləcək parlament seçkilərində də həmin fəallığı davam etdirmək niyyətindədirlər: "Biz parlament seçkiləri ilə yanaşı, prezident və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə hər zaman aktiv olmuşuq. Azərbaycan Kommunist Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək. Üzvlərimizin müvafiq dairələr üzrə namizədlikləri irəli sürüləcək. İlin əvvəlində Mərkəzi Komitənin Büro iclasında bu məsələ geniş müzakirə edildi. Hələ ki geniş danışmırıq, amma vaxtı çatanda kimin hansı dairədən irəli sürülməsi ilə bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Seçkilərə hansı şəkildə qatılacağımız gələcəyin işidir. İndidən nə isə demək olmur. Sol təmayüllü partiyalarla, təbii ki, seçkilərə birgə getmək olar".

R.Qurbanov əlavə edib ki, əgər seçkilərə başqa partiyalarla blok və birlik şəklində təklifə Büro qərar verərsə, partiya sədri kimi buna etirazı olmaz: "Yox, əgər belə bir təklif olmazsa və ya irəli sürülən təklif Büro tərəfindən qəbul edilməzsə, Azərbaycan Kommunist Partiyası əvvəllər olduğu kimi, tək, vahid şəkildə iştirak edəcək. Bizim qapımız açıqdır. Kim müraciət edəcəksə, həmin təklifi müzakirə etməyə hazırıq. Eyni zamanda, gələcəkdə ola bilər ki, hansısa sol yönümlü partiyaya parlament seçkilərində birgə iştirakla bağlı təklif verilsin. Həm də ola bilər ki, tək bizim partiyadan deyil, amma bir dairədən sol yönümlü iki namizəd olsun və bu zaman danışıqlara ehtiyac yaransın. Hesab edirəm ki, bu məsələlərə seçkiöncəsi münasibət bildirmək daha düzgün olar".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər