Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 11-də ölkə ərazisində qeydə alınan 136 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Yanvarın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 ədəd tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Yanvarın 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd pulemyot, 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 21 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 81 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Polis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 640 qramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.