Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Ceyhun Yusifov tərəfindən Nərimanov Rayon Məhkəməsinə Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət verilib.
Məhkəmə prosesində Ceyhun Yusifovun vəkilləri Asim Abbasov və Cavidan Osmanlı xüsusi ittiham barəsində şikayəti müdafiə edib, şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş ediblər.
Ceyhun Yusifovun vəkili Asim Abbasovun saytımıza verdiyi məlumata görə, Ceyhun Yusifov tərəfindən vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib.
Məmmədovların təqsirləndirilməsinə dair cinayət işi hazırda Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.
Növbəti məhkəmə iclası 25 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələrilə cəzalandırılmaları tələb olunur.
Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında digər cəzalarla yanaşı üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148-ci maddəsinin sanksiyasında isə digər cəzalarla yanaşı altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
Vəkil Adəm Məmmədov həm özü, həm də qardaşının məhkəməyə verilməsinə münasibət bildirib.
Adəm Məmmədov Teleqraf.com-a bildirib ki, cinayət işinin başlanması ilə bağlı təsisçisi olduğu Qanunla.az saytında məlumat gedib:
“Mənim təsisçisi olduğum, qardaşımın baş redaktoru olduğu saytda fakt üzrə cinayət işi başlanması ilə bağlı məlumat yayılıb. Birincisi, mən həmin saytın təsisçisiyəm, qanunvericiliyə əsasən təsisçi məsuliyyət daşımır. Bu qərar Daxili İşlər Nazirliyindən sorğu əsasında götürüləndən sonra hər şey məlum olacaq. Sonda araşdırmaya əsasən hər kəsə məlum olacaq ki, bu fakt həqiqətən də real faktdır, müstəntiqin qərarıdır. Burada şərdən, böhtandan söhbət gedə bilməz. Ceyhun Yusifovun məsələnin mahiyyətini açıqlamaması onu göstərir ki, o, məsələdən yayınmaq istəyir”.