28 Mart 2015 18:28
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib.

Səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dik Esparon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə etdi. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verdi.


Müəllif:

Oxşar xəbərlər