8 Aprel 2015 11:11
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in həmsədrləri yenidən regiona gələcəklər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib: “Biz ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”.

Diplomat qeyd edib ki, hər iki ölkə prezidenti təmas xəttində və ya Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlara başlamayacaqları ilə bağlı onları əmin edib: “Hələ ki, bizim bu öhdəliyi yoxlamaq və ya nəzarət etmək üçün vasitələrimiz yoxdur, lakin stabillik danışıqlar üçün daha müsbət dinamika yarada bilər. Biz prezidentlərin növbəti görüşünün bu ilin sonuna kimi keçirilməsini gözləyirik. Prezidentlərin müzakirə çərçivəsini müəyyənləşdirmək və regiona növbəti səfərimizin tarixini təyin etmək üçün hər iki xarici işlər naziri ilə görüş imkanlarını araşdırırıq”.

Amma görünən odur ki, son dövrlər Minsk qrupu həmsədrlərinin regiona səfərləri heç bir nəticə vermir və əksinə, erməni tərəfi cəbhədə süni şəkildə gərgin vəziyyət yaratmağa cəhd edir.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, əgər Minsk Qrupunun missiyası vasitəçilikdirsə və bölgədə yaranmış problemlərin həllinə kömək eləmək imkanları yoxdursa, yaxud da onlara bu səlahiyyət verilməyibsə, bu, o deməkdir ki, onların heç mövcudluğunun əhəmiyyəti yoxdur.

Onun sözlərinə görə, ATƏT problemi həll etməlidir: “Həll etmək üçün isə problemə siyasi qiymət verməlidir. Siyasi qiymət verdikdən sonra tərəflərdən hansının günahkar, hansının günahsız olduğunu müəyyənləşdirməlidir. Konkret situasiyada təcavüzkarla təcavüzə məruz qalanın müəyyənləşdirilməsindən söhbət gedir. Çünki danışıqlar prosesində təcavüzkar bəzən təcavüzə məruz qalana elə iddialar irəli sürür ki, adamın ayağının altından yer qaçır. Yəni Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal edib, üzərində oturub və üstəlik danışıqlar prosesində situasiyanı diktə etməyə çalışır. Amma həmsədrlər ağızlarına su alıb dayanıblar. Ermənistan tərəfi işğal edilmiş ərazilərdə Azərbaycan torpaqlarına, kəndlərinə atəş açır. Özü də əvvəllər avtomatlardan, snayperlərdən istifadə edirdilərsə, indi mina atanlardan, hətta kiçik artilleriya qurğularından atəş açırlar. Erməni həyasızlığı həddini xeyli aşıb. Minsk qrupu həmsədrləri isə yalnız dinc çağırışlar, bəyanatlar verirlər. Uorlik də belə açıqlamalar verməklə guya fəallıq göstərir, amma əslində, başını girələyir”.

Politoloq hesab edir ki, Ermənistanın qarşısında tələb qoyulmalıdır: “Eləcə də, danışıqlar bu istiqamətdə aparılmalıdır ki, Ermənistan işğal edilmiş torpaqlardan qoşunlarını geri çəksin. Danışıqlar bunun ətrafında getməlidir. Onlar Azərbaycanın qarşısında hansı məsələləri qoyurlar. Məsələn, təmas xəttində qarşıdurma olmasın, snayperləri ön xətdən yığışdırın. Axı təmas xəttinə snayperləri ilk olaraq ermənilər gətirib. Tutaq ki, biz snayperləri cəbhədən geri çəkdik. Ermənilər isə aldadacaq və bu addımı atmayacaq. Nədənsə, erməniləri həmişə himayə altına alıblar. Ona görə də Uorlikin nə edib-etməməsindən asılı olmayaraq, Azərbaycan Minsk qrupu haqqında başqa bir xətt formalaşdırıb. Söhbət Minsk qrupunun formatının dəyişdirilməsindən gedir. Buraya yeni üzvlər, heç olmasa, bir müsəlman dövlətinin, konkret Türkiyənin daxil edilməsi məsələsi var. Digər tərəfdən həm də söhbət obyektiv, şübhə doğurmayan Avropa Birliyinin lokamitivi olan Almaniyanın daxil edilməsindən gedir. Bəlkə bundan sonra Minsk qrupunun hərəkətində bir dinamika yarandı, həm də onlar daha tələbkar və prosesi irəlilədən təkliflərlə çıxış edə bildilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər