8 Aprel 2015 14:33
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanının keçmiş müşaviri, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının idarə Heyətinin üzvü Hüseyn Məlik Müsavat Partiyası daxilində yaşanan gərginliklə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Müsavat Partiyası Məclis üzvü Vurğun Əyyubun qurumdan kənarlaşdırılması birmənalı qarşılanmadı. Məclisin qərarını Müsavatdakı narazılara qarşı kampaniyanın tərkib hissəsi sayanlar oldu. Siz necə düşünürsünüz, V.Əyyubla bağlı qərar ədalətli idimi?
- Vurğun Əyyub kimi tanınmış şəxsin qaragürühçuların Məclisində qalması düzgün deyildi. Əslində, Vurğun Əyyubun məsələsi Məclisdə səsə qoyulmalı və ondan sonra qərar verilməli idi. Əgər səsə qoyulsaydı, Məclis üzvlərinin əksəriyyəti Vurğun bəyin orada qalmasını istəyəcəkdi. Beləliklə də, niyyətləri baş tutmayacaqdı. Müsavat Partiyasından istefa versəm də, mən Məclisi legitim saymıram. Hesab edirəm ki, Vurğun Əyyub düz edib Məclisin toplantılarına qatılmır. Məclis üzvlərinin seçilməsində kobud pozuntulara yol verilib. Ona görə də, həmin qurumu qeyri-legitim saymaq olar.

- Müsavat Partiyasında tənqidi fikir söyləyənlərə qarşı kampaniya aparılması nədən xəbər verir?
- Artıq Müsavat Partiyasının əzəmətindən əsər-əlamət qalmayıb. Bunu ictimaiyyət də bilir, Mustafa Hacıbəylinin təqdim etdiyi siyahı əsasında 27 nəfərlik Məclisin formalaşdırılması Müsavat dəyərlərinin alt-üst edilməsi anlamına gəldi. Müsavat Partiyasının 7-8 ay ömrü qalıb. Onlar hələ ki, ADR-ə qarşı kampaniya aparmaqla gündəmdə qalmağa çalışırlar. Müsavat Partiyası başqadır, müsavatçılıq başqa. Mənim hələ də partiyada qalan əsl müsavatçılara görə narahatam.

- Sizcə, Müsavat Partiyasının aprelin 19-da mitinq keçirməkdə məqsəd nədir?
- Bilirsiniz ki, Milli Şura artıq bir neçə dəfə mitinq keçirib. İndi Müsavat Partiyası proseslərdən kənarda qalmamaq üçün belə bir addım atıb. Özlərinin varlığını sübut etmək üçün aksiya keçirmək istəyirlər. Müsavat Partiyasının mitinqinə gələnlərin sayı Milli Şuranın mitinqinə gələnlərin sayından az olacaq. Hesab edin ki, o mitinq heç keçirilməyib. Partiyanın hazırkı rəhbərliyi də yaxşı başa düşür ki, mitinq keçirmək gücündə deyillər. ADR üzvü olan müsavatçılar orada olmayacaqlar. Müsavatın keçirəcəyi mitinqə nə müxalifətdə, nə də cəmiyyətdə hec bir maraq yoxdur.

- Hazırda Müsavat Partiyasında elə üzvlər varmı ki, partiyanı tərk etmək istəyirlər, amma nəyəsə görə bu addımı ata bilmirlər?
- Əlbəttə, var. Mən Müsavat Partiyasının üzvlərini yaxşı tanıyıram. Hesab edin ki, Müsavat Partiyasında sıravi üzv qalmayıb. Müsavat Partiyasında ancaq vəzifəsi olanlar qalıb. Hamısının titulu var, postu var.

- ADR-in sədri Qubad İbadoğlunun ABŞ səfəri birmənalı qarşılanmır. Qeyd olunur ki, "Qubad İbadoğlunu niyə həbs etmirlər?" Buna münasibətiniz?
- Mən Eynulla Fətullayevin məqaləsini oxumuşam. Ondan öncə Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova yazmışdı ki, İntiqam Əliyevi, Xədicə İsmayılı və digərləri həbsdədir, Qubad İbadoğlu niyə azadlıqda gəzir? Həm Eynulla Fətullayevin yazısı, həm də Sevinc Hüseynovanın açıqlaması Qubad İbadoğlunun əleyhinədir. Sanki işverənlik edirlər və Qubad İbadoğlunun həbsini istəyirlər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər