“Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması çox əhəmiyyətli hadisədir”.
Bu fikri Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, Azərbaycan islam dünyasında nüfuzlu bir dövlətdir. Onun sözlərinə görə, ölkəmiz islami dəyərlərin qorunması, onun geniş təbliğ olunmasına böyük töhfələr verir.
“Təbii ki, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın müsəlman dünyasında nüfuzunu daha da gücləndirən amil olacaq. Nəzərə alsaq ki, bu gün islam dinini gözdən salmaq istəyən qüvvələr var. Belə olan bir şəraitdə, ölkəmizdə keçiriləcək bu tədbir eyni zamanda, islam dəyərlərinin təbliği baxımından da vacib hadisə olacaq”, – deyə G.Baxşəliyeva qeyd edib.
Səxavət