9 Aprel 2015 21:28
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir. Bu tədbirlər müxtəlif sahələri əhatə edir”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi haqqında müqavilənin imzalanması da bu baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, İslam dünyasında da nüfuzunun göstəricisidir.

“Həyata keçirilən siyasət Azərbaycanın islam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, islam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.

Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır”, – deyə K.Əliyeva vurğulayıb.

Səxavət


Müəllif: