“Müsavatda status-kvonu saxlamaq istəyən qrup onu Qubad İbadoğlu partiyadan uzaqlaşdırdı”
Müsbət Dəyişiklik Gənclər Təşkilatının həmtəsisçisi, gənc fəal Bəxtiyar Hacıyev Teleqraf.com-um suallarını cavablandırıb. O, bu il keçiriləcək parlament seçkilərində namizəd olub-olmayacağını açıqlayıb, müxalif cameədə baş verənlər barədə qısaca mövqeyini bildirib.
- Bəxtiyar bəy, Müsavat partiyasındakı parçalanma, eləcə də, Milli Şuranın 500 nəfərlik mitinqləri sosial şəbəkədə müxtəlif fikirlərə səbəb olub. Bu fikirlərdən biri odur ki, artıq ənənəvi müxalifətin yerini Qərbdə təhsil almış gənclərin yaratdığı siyasi qurumlar almalıdır. Necə düşünürsünüz, Azərbaycanda Qərb təhsilli gənclərin yeni dünyanın tələblərinə cavab verən təşkilat yaratmaq potensialları varmı?
- Ənənəvi müxalifətlə bağlı dedikləriniz barədə bir fikir bildirmək istəmirəm. Müxtəlif partiyaların daxilində baş verən problemlərlə bağlı sıravi bir vətəndaş kimi bir neçə dəfə çox yumşaq iradlar bildirmişəm, alternativ fikirlərə münasibəti gördükdən sonra bu barədə danışmamağa üstünlük verirəm. Yeni siyasi müxalifətin zəruriliyinə gəldikdə, düşünürəm ki, bunda birinci növbədə hakimiyyət özü maraqlı olmalıdır. Hər şeyə ağ və hər şeyə qara deyən qruplardan xilas olmaq, ölkənin problemlərinə alternativ həll yolları təklif edəcək qrupların üzə çıxması, onlarla sağlam dialoqun qurulmasında maraqlı olmalıdır.
- Sizin özünüz də uzun müddət gənclərlə çalışmış, müxtəlif sosial, mədəni aksiyalar təşkil etmiş, siyasi proseslərdə iştirak etmisiniz. Necə düşünürsünüz, Bəxtiyar Hacıyev gənc siyasətçilərdən ibarət bir siyasi quruma liderlik etmək istəyərmi? Hansısa siyasi qurum yaratmaq fikriniz varmı?
- İndiki reallıqları nəzərə alsaq, Azərbaycana gənc siyasətçilərdən daha çox, müxtəlif sahələr üzrə ixtisaslaşmış vicdanlı, vətənpərvər, təhsilli, dünyagörüşlü, mədəni və səviyyəli peşəkar gənclər lazımdır. Belə gənclər kifayət qədər çoxdur, lakin bəzi hallarda onlarla dövlət arasında lazımi körpü olmamasına görə, onlar tanınmırlar, onların istedadları, bilik və bacarıqlarından istifadə edilmir. Eyni zamanda, bəzi yerlərdə düzgün olmayan insanlar düzgün olmayan yerlərdə otururlar və nəticədə insanların həyatlarına mənfi təsir edəcək qərarlar verir, addımlar atırlar. Məhz bu baxımdan, düşünürəm ki, birinci növbədə gənc kadrların üzə çıxarılması daha vacibdir.
- Diqqət etmisinizsə, ənənəvi müxalifət partiyalarında olan Qərb düşüncəli insanlar partiyadan sıxışdırılır və ya çıxarılır. Məsələn, Qubad İbadoğlu Müsavatdan, Razi Nurullayev AXCP-dən uzaqlaşdırıldı. Müxalifətin Qərb görüşlü insanları görmək istəməməsinin səbəbi nədir?
- Müxalif partiyaların daxili məsələlərinə münasibət bildirmək istəməzdim. Bu şəxslər Qərbyönümlü olduqlarına görə partiyaları ilə problemləri yaranmayıb. Məsələn, Qubad İbadoğlu Müsavatı dəyişməyə çağırıb, amma dəyişmək istəməyən, status-kvonu saxlamaq istəyən qrup onu partiyadan uzaqlaşdırıb.
- 2010-cu il parlament seçkilərində deputatlığa namizəd oldunuz. Seçki vaxtı ən uğurlu kampaniyalardan birini apardınız. 2015-ci il seçkilərinə qatılacaqsınızmı?
- 2010-cu ildə doğrudan da, kifayət qədər uğurlu bir seçki kampaniyası təşkil etdik, vətəndaşları bu prosesə çox aktiv cəlb etdik, bir çox yeni seçki yanaşmalarını tətbiq etdik və digər namizədlərə nümunə olduq. Lakin, həmin dövrdə “ya hər şeyi əldə etməliyik, ya heç nəyi” yanaşması onunla nəticələndi ki, 5 il müddətində mən 1 il 3 ay həbsdə qaldım, 8 ay ölkədən buraxılmadım və nəticədə ölkə üçün Milli Məclisdə görə biləcəyim bir çox işi görə bilmədim. 2015-ci ildə müəyyən məsələlərə yanaşma dəyişsə, namizədliyimi irəli sürə bilərəm. Əminəm ki, həm seçki kampaniyası 2010-cu ildəki kampaniyadan daha uğurlu olacaq, həm də seçiləcəyim təqdirdə, 2010-2015 arası görə biləcəyimiz işlərdən dəfələrlə daha faydalı, daha böyük miqyaslı işlər görə biləcəyik.
- Sizcə, nədən Azərbaycan müxalifəti siyasi mübarizədə yeni texnologiyalardan, vasitələrdən istifadə edə bilmir? Məsələn, iqtisadi problemlərlə bağlı mitinq qərarı verilir, amma Quran ayələrindən istifadə edərək dindar kəsimə müraciət edilir? Bu ənənəvi müxalifətdəki kadr çatışmazlığından irəli gəlir və ya müxalifətdə çağdaş düşüncənin olmamasını göstərir?
- Birinci sualınıza verdiyim cavabı təkrarlamaq istəyirəm ki, qeyd etdiyiniz müxalif partiyalarla bağlı fikir bildirmək istəmirəm. Bizim öz gündəliyimiz, planlarımız, layihələrimiz, yanaşmamız var və düşünürəm ki, bu işlərə vaxt sərf etmək ölkəmizin gələcəyi üçün dəfələrlə daha faydalı olar, nəinki siyasi partiyaların mitinqlərinə neçə nəfərin gəlməsini saymaq, hansı şüarlar səsləndirdiklərini analiz etmək və s. Bizi daha böyük işlər gözləyir, ona köklənmək lazımdır.
NƏRGİZ