Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin I müavini, Müsavat üzvü Vurğun Əyyubun deputatlığa namizədliyi haqda Suraxanı rayon təşkilatının qərarını ləğv edib.
Martın 27-də Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura iclasında rayon ərazisindəki 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmişdi. Qərara əsasən, 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədlikləri irəli sürülüb.
Lakin Suraxanı rayon təşkilatının 4 nəfər üzvü Şura iclasına çağırılmadıqlarını bəyan etmiş və dəvət edilmədiklərini əsas gətirərək Şuranın qərarlarından MNTK-ya şikayət ərizəsi yazmışdılar. Qurumda sözügedən şikayətə baxılıb. Suraxanı təşkilatının Şura üzvü Fəzli Mehdiyev və digər iki nəfərin şikayətinə əsasən, təşkilatın martın 27-də keçirilən Şura iclasının qərarları ləğv edilib.
Suraxanı rayon təşkilatı Şura iclasının qərarının ləğvi barədə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının atdığı addıma etiraz edib. Rayon təşkilatının sədri Rövşən Dəmirli başda olmaqla, 15 nəfər bəyan edib ki, Şura iclasında iştirak etməyən 4 nəfərin şikayəti əsasında təşkilatın qəbul etdiyi qərarların ləğv edilməsinə etirazlarını bildirirlər.
“MNTK rəhbərliyin sifarişini yerinə yetirir”
R.Dəmirlinin fikrincə, MNTK-nın qərarı bir daha sübut etdi ki, rəhbərliyin sifarişini yerinə yetirirlər, özləri sərbəst qərar vermək iqtidarında deyillər: “Gətirdikləri arqument çox gülüncdür, guya 3 nəfər şikayət edib ki, biz keçirilən Şuraya dəvət olunmamışıq. Əslində, bu, ağ yalandır. Həm onlara zəng olunub, telefonu götürməyiblər, həm də Facebook-da elan verilib. Onlar Şuranın verəcəyi qərarı əvvəlcədən bildikləri üçün bu oyuna əl atıblar. Guya 3 nəfərin hüququnu qorumaq üçün bu qərarı verdiyini bildirən MNTK iclasda iştirak edən 12 nəfərin hüququnu pozduğunun fərqində deyilmi?”
“Rayon təşkilatı yenidən Şura çağırmalıdır”
MNTK sədri Sevinc Hüseynova isə Suraxanı rayon təşkilatının sədri və üzvlərinin iddialarına cavab vermək istəməyib. O bildirib ki, MNTK qərar verib, rayon təşkilatı da yenidən Şura çağırmalıdır: “Rövşən Dəmirli də MNTK-nın qərarına əməl etməlidir, bitdi”.
Keçmiş MNTK sədri: “Namizəd Vurğun Əyyub yox, başqası olsaydı, bu cür yanaşma olmazdı”
MNTK-nın sabiq sədri İbrahim İbrahimli yaranmış situasiya ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, məsələnin kökündə Nizamnaməyə əməl olunması deyil, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə münasibət dayanır: “Suraxanı rayon təşkilatının deputatlığa namizəd qismində irəli sürdüyü namizəd Vurğun bəy yox, başqası olsaydı, bu cür yanaşma olmazdı. Rayon təşkilatının Şura üzvlərinin əksəriyyəti Vurğun Əyyubun deputatlığa namizədliyinin irəli sürülməsini dəstəkləyiblər. MNTK-da belə qərarlara baxılarkən əvvəlcə narazıların yetərsaya təsiri müəyyənləşdirilməlidir. Narazıların səsi təsiredici deyilsə, qərar qüvvədə saxlanmalıdır”.
Beləliklə, MNTK-nın qərarına görə, Vurğun Əyyubun deputatlığa namizədliyi ləğv olunub. Onun namizədliyinin Müsavat adından irəli sürülməsi üçün ilkin mərhələdə Suraxanı rayon təşkilatı yenidən Şura çağırmalı və namizədliyi irəli sürülməlidir. Daha sonra Müsavat Məclisinin yeni təlimatına görə, V.Əyyub özü başqana ərizə yazmalı və öhdəlik götürməlidir. V.Əyyub isə belə bir öhdəliyi götürməyəcəyini açıqlayıb. O, hələ MNTK bu qərarı verməzdən əvvəl bəyan etmişdi ki, namizədliyinə Müsavat Məclisi etiraz eləsə, onda müstəqil şəxs kimi namizədliyini irəli sürəcək.
Qeyd edək ki, MNTK-nın sözügedən addımı V.Əyyuba qarşı Müsavat rəhbərliyinin ikinci zərbəsi sayılır. Məclisin son iclasında o, qurumun üzvlüyündən çıxarılıb. Sabiq başqan İsa Qəmbərin təklifi əsasında səsvermə keçirilmədən Məclisdən xaric edilib.
Qubad İbadoğlundan yeni təyinatlar
Bu arada, Müsavatın hazırkı rəhbərliyinin idarəçiliyi və ötən ilin sentyabrında keçirilən qurultayından narazı qalan kəsimin yaratdığı ADR Hərəkatı sürətlə təşkilatlanır. Hərəkatın sədri Qubad İbadoğlu yeni təyinatlarla bağlı sərəncam imzalayıb.
Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından xaric edilmiş Səxavət Əlisoy ADR Hərəkatının özəl institutlar və sahibkarlarla iş üzrə, Məlahət Mürşüdlü demokratik təsisatlar və vətəndaş cəmiyyəti ilə iş üzrə müavin təyin olunublar. Bundan başqa, Dünyaxanım Cərullayeva ADR Hərəkatının icra aparatı nəzdində Ümumi işlər Departamentinin rəhbəri, Müsavat Gənclər Birliyinin keçmiş sədri Əhliman Abbas Beynəlxalq əlaqələr üzrə Departament rəhbəri, Hamlet Səfixanlı Maliyyə Departamentinin rəhbəri, Rövşən Dəmirli Təşkilati məsələlər üzrə Departamentin rəhbəri, Samir Abbaslı İnformasiya Departamentinin rəhbəri olacaq.
"Arif Hacılı özünü "Raykom" katibi kimi aparır"
Q.İbadoğlu özü hazırda ABŞ-da, yeni müavini Səxavət Əlisoy isə Avropadadır.
S.Əlisoy qəzetimizə açıqlamasında Avropaya səfərinin şəxsi işləri ilə bağlı olduğunu söylədi. O, ADR-in Avropa qolunun yaradılması haqda deyilənləri də təkzib etmədi: “Məhz bu məqsədlə London, Hollandiya və Almaniyada görüşlərim oldu. Türkiyədə də ADR Hərəkatına qoşulmaq istəyən çox sayda soydaşımız var”.
O, ADR Hərəkatının partiyaya çevrilmə perspektivinə də toxundu: “ADR-in siyasi partiyaya çevrilməsi yaxın zamanda bəlli olacaq. Qərar təşkilatlanma tam bitdikdən sonra bilinəcək. Eyni zamanda, ADR üzvlərinin parlament seçkilərində iştirakı mümkündür”.
S.Əlisoy həmçinin Müsavat Partiyası adından deputatlığa namizəd olacaq şəxs qarşısında qoyulan öhdəliklərdən də danışdı. O, namizədin başqan Arif Hacılıya ərizə yazmaq və fəaliyyətində Nizamnaməyə riayət edəcəyi barədə qəbul etməli olduğu təlimata münasibət bildirdi: “Müsavat Partiyasının Milli Məclislə bağlı qəbul etdiyi anormal təlimat, əslində, partiyanı yönəldənlərin zehniyyətində də problem olduğunu sübut edir. Orda avtoritar bir üsul-idarə formalaşmaqdadır, Arif Hacılı özünü tər-təmiz kommunist dönəmindəki "Raykom" katibi kimi aparır".
NƏRGİZ