22 Aprel 2015 12:17
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu və Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycanın qaçqınları və məcburi köçkünləri: itki və tələfatların qiymətləndirilməsi media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.

İşçi Qrupunun rəhbəri və millət vəkili Xanhüseyn Kazımlı çıxış edərək, Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı verdiyi qərarı tək Azərbaycan və Türkiyəyə deyil, bütövlükdə dünyaya xəyanət kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın bölgədə həyata keçirdiyi böyük layihələr sülhün çağırışıdır: “Ancaq ədalət gözlədiyimiz dövlətlər tərəfindən soyqırımla bağlı ədalətsiz qərara verildi. Təbii ki, bu məsələdə erməni lobbisi böyük rol oynadı”.

X.Kazımlı deyib ki, monitorinqlər keçirilir və məlum olur ki, cəbhə xəttində 50-60 km Azərbaycan tərəfi istiqamətində heç bir sahibkar sərmayə qoymaq istəmir: “Biz bununla bu gün qarşılaşırıq və ermənilərin işğalı nəticəsində görün nə qədər Azərbaycana ziyan dəyib. Ona görə bu gün sərmayə qoymaq istəmirlər ki, hər gün o əraizlərdə yaşayan insanlar təhlükə altındadır.

Çox təəssüflər olsun ki, Ermənistan bu gün dünyada qızıl ixracatına görə öndə gedən ölkələr sırasındadır. Bu əlbəttə Azərbaycanın işğal olunmuş ərazilərində olan təbii ehtiyatlar hesabınadır. Azərbaycana dəymiş ziyan beynəlxalq metodologiyaya uyğun hesablanır. Bunu birbaşa olaraq, bizim İşçi Qrupu tərəfindən aparılır. Avrasiya Qiymətləndiriciləri Assosiasiyasının üzvü olaraq Azərbaycan tərəfindən layihə hazırlanıb. Bu layihə çərçivəsində təsdiq olunacaq standartlardan sonra konkret olaraq itki və tələfatlarla bağlı rəqəmlər bəlli olacaq. Bundan sonra ermənilərə qarşı beynəlxalq hüquq çərçivəsində məsələ qaldıra bilərik”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qondarma erməni soyqırımından danışaraq bildirib ki, əslində 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalıb: “Belə bir məqamda mən diqqəti ikili standartlara çəkmək istəyirəm. Xocalı hadisələri, qaçqın və məcburi köçkünlərin qarşılaşdığı problemlərə dünya ictimaiyyəti biganə yanaşır. Hətta bilmək olmaz, birdə gördün bu günlərdə hansısa dövlət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıya bilər. Düzdür, ermənilər qondarma soyqırımla bağlı bir əsrdən çoxdur təbliğat işi aparırlar. Ancaq Azərbaycan özünün qarşılaşdığı həqiqətlərlə bağlı qısa zaman ərzində böyük işlər həyata keçirib. Bu İşçi Qrupunun da bu sahədə böyük uğurları var. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycan mətbuatı bu sahəyə daha çox diqqət ayırır”.

Tədbirdə tarixçi Vasif Qafarov, “Xalq” qəzetinin əməkdaşı Tahir Aydınoğlu, millət vəkili Hüseynbala Mirələmov və digərləri çıxış edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər