Azərbaycanlı deputatlardan örnək davranış
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində milli nümayəndə heyətləri katiblərinin növbəti toplantısında Azərbaycanın qlobal və qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs edilib.
Toplantıda ölkəmizi AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin katibi İlqar Məcidli təmsil edib. Əvvəlcə yaz sessiyasının gündəliyinə edilən son dəyişikliklər müzakirə olunub. Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Bosniya və Herseqovinaya keçməsi ilə əlaqədar bu ölkənin təmsilçisi görülən hazırlıq işləri barədə məlumat verib.
Çıxış edən İ.Məcidli Azərbaycanın qlobal və qitə miqyaslı bir çox vacib beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayaraq ilk Avropa Oyunlarının da bu xüsusda istisna olmayacağına əminliyini bildirib. O, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin məsuliyyətli və eyni zamanda, şərəfli bir missiya olduğunu diqqətə çatdırıb, ölkəmizin bu tarixi sınaqdan uğurla çıxması ilə bağlı təcrübəsini bosniyalı həmkarla bölüşməyə hazır olduğunu bildirib. Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.
Baş katib: “Azərbaycanlı girovlarla bağlı vəziyyət məni narahat edir”
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı sualına cavabında bu məsələnin onu narahat etdiyini deyib.
Q.Paşayeva baş katib T.Yaqlandı azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və rəsmi Yerevanın dəstəklədiyi rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər bütün beynəlxalq çağırışlara baxmayaraq, onlar hələ də girov saxlanılırlar. Onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və hər hansı addım atmağı düşünürsünüzmü?
Baş katib suala cavabında deyib: “Bu məsələ ilə bağlı vəziyyətin gedişini diqqətlə izləyirəm və bu problem məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bununla bağlı nə edə biləcəyimi sizə desəm, çox güman ki, bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, bu məsələni çox yaxından izləyirəm və vəziyyətin haradasa müsbət bir tərəfə dəyişməsinə çalışıram”.
“İyirmi il əvvəl sərt mövqe bildirsəydilər...”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Fransa nümayəndə heyətinin üzvü senator Jan-Mari Bokelin hazırladığı “Özünü ”İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın fəaliyyətinin humanitar fəsadları" adlı məruzə ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın da terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətinə çatdırılıb.
Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu gün müasir dövrün ən dəhşətli hadisələridən biri müzakirə edilir: “Artıq terrorçular özlərini cinayətkar qrup kimi deyil, dövlət kimi görürlər. Azərbaycan öz ərazilərində terrorçu dövlətin qurulmasından zərər çəkən ölkələrdəndir. Vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsindən sonra terror yuvasına çevrilən həmin ərazilərdən narkotik maddələrin daşınması uçun istifadə olunmasıdır. İyirmi il əvvəl AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına daha sərt mövqe bildirsəydilər, 1992-ci ildə günahsız azərbaycanlılar soyqırımına və dövlət səviyyəsində terrora məruz qalanda Avropa öz etiraz səsini ucaltsaydı, bu gün bəlkə ”İŞİD" də olmazdı. Yaxın Şərqdə təkcə ərazilər və insanlar deyil, mədəniyyətlər və tarix də təcavüzə məruz qalır. “İŞİD”-in tarixi abidələri dağıtmasını əks etdirən kadrları hamı görüb. Eyni zamanda, Dağlıq Qarabağda da belə hallar baş verib. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirir. Bu, beynəlxalq konvensiyalara tamamilə ziddir. Əslində, terrorçular üçün nə qanunlar, nə konvensiyalar, nə də insani dəyərlər heç bir məna kəsb etmir".
Azərbaycan nümayəndə heyətinin digər üzvü Sahibə Qafarova isə çıxışında bildirib ki, terror bu gün bütün dünyanı təhdid edən ən böyük hədə, gələcəyimizə ən böyük təhlükədir: “Azərbaycan xalqı terrorun nə demək olduğunu burada əyləşənlərin əksəriyyətindən daha yaxşı bilir. Çünki son iki yüz ildə xalqımız dəfələrlə erməni terrorunun qurbanı olub. Bu hadisələrin bəziləri cəmi bir neçə il bundan əvvəl baş verib. 1992-ci il fevralın 26-da ermənilər Azərbaycan şəhəri olan Xocalıda XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Bunu sübut edən minlərlə fakt mövcuddur. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu soyqırımına hələ də adekvat qiymət verməyib. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların olmasının bariz nümunəsidir.
Son zamanlar regional və beynəlxalq sabitliyə, insanların təhlükəsizliyinə ciddi təhdid yaradan hallardan biri də Yaxın Şərqdə “İŞİD” adlı terror qruplaşmasının dağıdıcı fəaliyyətidir. Bu cür fəaliyyət konkret olaraq beynəlxalq terrorizm kateqoriyasına aiddir və Azərbaycan belə dağıdıcı, bəşəriyyət əleyhinə yönəlmiş aktları birmənalı şəkildə qınayır və yolverilməz hesab edir. Ümumiyyətlə, Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə fəal təmsil olunur. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən terrorizm, beynəlxalq təhlükəsizlik problemini müzakirəyə çıxararaq başlıca məsələ və prinsipləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda təhlükəsizliyin təmin olunması, xüsusilə də terrorizmlə mübarizədə fəal iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır".
Məruzənin qətnamə layihəsinin müzakirəsi zamanı yenidən qondarma “erməni soyqırımı” məsələsini qaldıran, Türkiyə və İslam əleyhinə fikirlər səsləndirən Ermənistan nümayəndələrinə kəskin cavab verən deputat Qənirə Paşayeva deyib: “Ölkəniz azərbaycanlılara qarşı terror aktları həyata keçirəndə niyə etiraz etmirdiniz? İndi burada terrorizmə qarşı mübarizədən danışırsınız”.
Bu məsələdə AŞPA-nın ikili standartlara yol verdiyini diqqətə çatdıran deputat deyib: Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə, “İŞİD”-in peyda olması region və bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyidir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, region ölkələri humanitar fəlakətlə üzləşiblər. Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. AŞPA bütün üzv dövlətləri onların məsuliyyətini öz üzərlərinə götürməyə və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraqda və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq istəyirəm. Bir neçə gün əvvəl İraqda yaşayan türkmənlər mənə üzərində qətlə yetirilmiş türkmənlərin qanı olan bayraq göndərib xahiş ediblər ki, onların səsini Assambleyada sizlərə çatdırım. Əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları burada həmkarlarım tərəfindən səsləndirildi. Ermənistan nümayəndə heyətinin bəzi üzvləri yenə də burada Türkiyə və İslam əleyhinə yanlış fikirlərlə çıxış etdilər. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm: 23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistanın təmsilçiləri terror təşkilatları bu ölkənin dəstəyi ilə Azərbaycanda metroları, qatarları, avtobusları partladıb yüzlərlə insanı, uşağı qətlə yetirəndə niyə buna etiraz səslərini ucaltmırdılar? O zaman təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan dəstəyi ala bilmədik. Bu məsələdə ikili standartlara yol vermək olmaz".
Azərbaycanlı deputatlar oturdu, türklər ayaqda
AŞPA-nın sessiyası çərçivəsində dünən böyük bir şok yaşanıb. Sessiyada söz alan erməni deputatlardan biri Osmanlı dövlətinin “soyqırımı” törətdiyini iddia edərək zaldakılardan qurbanların bir dəqiqəlik yad edilməsini istəyib.
Erməni deputatların bu istəyi zaldakı deputatların əksəriyyəti tərəfindən qəbul edilib. Şok məqam isə ondan ibarətdir ki, digər ölkələrin nümayəndələri ilə yanaşı, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Gülsüm Bilgehan Toker ilə Xalqların Demokratik Partiyasından (HDP) olan Nəzmi Gur ayağa qalxıb.
Türkiyə mediasının yazdığına görə, bu xəyanətə Azərbaycandan olan millət vəkilləri “Sizə söyənləri alqışlayırsınız” deyərək sərt reaksiya verib. Sessiyada iştirak edən CHP-li Dəniz Baykal da ayağa qalxmayıb.
Səxavət HƏMİD