Xəzər Teyyublu: “İsmayıl Yusifov 9 ildən çoxdur ki, partiya sıralarında deyil”
Azərbaycanda daha bir siyasi partiyanın qurultayının gərgin şəraitdə keçəcəyi, hətta qurultay sonrası parçalanmanın olacağı gözlənilir.
Klassik Xalq Cəbhəsi Partiyası qurultayının vaxtını təyin edəndən dərhal sonra partiya sədrliyinə iddialılar meydana çıxıb. Uzun illər KXCP sədrinin müavini və İdarə Heyətinin üzvü olan İsmayıl Yusifov sədrliyə iddialı olduğunu açıqlayıb.
KXCP-nin Ali Məclisinin qərarına görə, partiya iyul ayında qurultay keçirəcək.
Lakin partiya rəhbərliyində hesab edirlər ki, KXCP sədri Mirmahmud Mirəlioğluya ciddi rəqib yoxdur. M.Mirəlioğlu özü isə qurultayda alternativin olmasını normal saydığını dilə gətirib: “Alternativi olmayan bir qurum artıq çətin vəziyyətdədir”.
İsmayıl Yusifovun sözlərinə görə, KXCP sədrliyinə namizəd olacaq: “Bunu açıq deyirəm. Partiyaya sahib çıxmaq niyyətim var. Ancaq bunlar mənim subyektiv fikirlərimdir. Şəxsi fikirlərimdən daha çox “Demokratik Birlik” fraksiyanın son qərarına söykənəcəyəm”.
O qeyd edib ki, qurultay prosesinə start veriləndə fraksiya Oqtay Gülalıyevin xətti ilə sədrə qurultaya hazırlıq üzrə təşkilat komitəsində iştirak üçün müraciət edib. Lakin təklif qəbul edilməyib, fraksiyanın heç bir üzvü qurultaya hazırlıq üzrə təşkilat komitəsinə salınmayıb: “KXCP sədri deyir ki, bu şəxslərin çoxunu partiyadan azad etmişik. Hazırda KXCP krizisə sürüklənir. Əlbəttə, partiya rəhbərliyi ona qarşı alternativ fikir səsləndirənlərin partiyadan getdiyini, qovulduğunu deyib. Bununla bağlı ortada qərar olmalıdır. Mən Ali Məclisin son sessiyası haqqında məlumatlıyam. Dörd rayon şöbəsinin sədrləri 10 nəfər gətiriblər və beləcə kvorum yaradıblar. Düşünüblər ki, birdən jurnalist gələr, heç olmasa, Ali Məclis görüntüsü yaradılsın. Əslində isə qərarları 40 Ali Məclis üzvü qəbul edib. Biz onlardan fərqli olaraq karyera, mandat davası etmirik, partiyanı gücləndirmək niyyətindəyik. Həm də mən zənn etmirəm ki, onlar iyul ayı üçün qurultay çağıra bilsinlər. Çünki KXCP bütövlükdə “Demokratik Birlik” fraksiyasının yanındadır”.
“İsmayıl Yusifov KXCP üzvü deyil”
İ.Yusifovun bu iddialarına KXCP sədrinin müavini Xəzər Teyyublu cavab verib. Onun sözlərinə görə, KXCP Nizamnaməsinə əsasən yalnız partiya üzvü qurultayda nümayəndə seçilə və partiya sədrliyinə namizəd ola bilər: “Bu, yalnız partiya üzvlərinə şamil olunur. İsmayıl Yusifov KXCP üzvü deyil. KXCP-nin üzvü olmayan şəxslər isə qurultayda iştirak edə bilməz. Kim mətbuatda nə deyir desin, bunun KXCP-yə heç bir aidiyyatı yoxdur”.
“10 ildən sonra partiyaya bu cür niyyətlə yanaşmaq anormallıqdır”
KXCP sədrinin müavini İ.Yusifovun partiyadan uzaqlaşdırılması ilə bağlı hər hansı qərarın olmadığına dair iddialarına da aydınlıq gətirib: “Adını çəkdiyiniz şəxs 9 ildən çoxdur ki, partiya sıralarında deyil. Belə bir adam KXCP sıralarında olub, hətta sədr müavini idi, daha sonra şəxsi işləri ilə bağlı öz istəyi ilə partiyadan gedib. Ümumiyyətlə, 10 ilə yaxındır ki, bu adamın KXCP-də hər hansı fəaliyyəti yoxdur. 10 ildən sonra partiyaya bu cür niyyətlə yanaşmaq və belə mövqe sərgiləmək anormallıqdır. Təşkilatdan gedən şəxsin neçə il keçəndən sonra belə iddia ilə çıxış etməsini düzgün hesab etmirəm. Düşünürəm ki, o şəxsin belə mövqeyi KXCP əleyhinə yönəldici məsələdir. Partiyamız öz konfranslarını keçirir, yerlərdə təşkilatlanma işini davam etdirir. Qollarımızı çırmalayıb başımızı aşağı salıb işləyirik”.
X.Teyyublu Ali Məclisin son sessiyası zamanı kvorum üçün başqa şəxslərin gətirilməsi ilə bağlı iddianı cəfəngiyat adlandırıb: “Belə sözlər sadəcə gülünc doğurur. Bu məsələlərə vaxt itirib nə isə söyləməyə dəyməz”.
KXCP “Demokratik Birlik” fraksiyasını inkar edir
O, KXCP daxilində hər hansı fraksiyanın olmadığını söyləyib: “Mətbuatda bu barədə nə isə deyilə bilər, amma belə şeylər bizi qətiyyən narahat etmir. Bunlar uydurma nağıllardır”.
Qeyd edək ki, KXCP nizamnaməsinə görə, sədrliyə namizədlər yalnız qurultay günü irəli sürülür. Say komissiyası yaradılır, namizədlər elan olunur və seçki keçirilir.
Nərgiz