21 May 2014 11:02
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşüb.

Həmməruzəçiləri salamlayan deputat, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Milli Məclisin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur. O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verib. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin daha da inkişaf etməsinə tərəfdar olduqlarını vurğulayıb.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları düşündürən məsələlərdən və ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqda danışıblar.

Görüşdə bildirilib ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla yanaşılır.

Həmməruzəçi Pedro Aqramunt Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.

Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri də həmməruzəçilərlə görüşüb.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında münasibətlər müzakirə olunub.

NEMƏT


Müəllif: