25 Aprel 2015 20:00
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Yusifov: “Sədrliyə iddiam olduğu üçün qurultaydan vaz keçəcəklər”

“KXCP-nin təşkilati məsələlər üzrə müavini iddia edir ki, mən 10 il əvvəl partiyadan getmişəm və hazırda təşkilatla əlaqələrimi kəsmişəm. Təbii ki, bu həqiqətə uyğun olmayan informasiyadır. Bunu deyən şəxs KXCP sədrinin təşkilati məsələlər üzrə müavinidir, əvvəl isə təşkilat şöbəsinin müdiri olub. Bu adamın verdiyi məlumat göstərir ki, KXCP rəhbərliyinin təşkilatdan xəbəri yoxdur”.

Bunu KXCP üzvü olduğunu bildirən və qurultayda namizədliyini irəli sürəcəyini elan edən İsmayıl Yusifov deyib.

Qeyd edək ki, KXCP sədrinin müavini X.Teyyublu İ.Yusifovun 10 il əvvəl təşkilatla əlaqəsini kəsdiyini, Demokratik Birlik Fraksiyasının üzvü olmadığını bildirib.

İsmayıl Yusifov isə deyib ki, qarşı tərəfin fikirləri həqiqət deyil: “Mən 2006-cı il martın 26-da KXCP-yə gəlmişəm. Bu tarixdə də qurultay keçirilib. Həm də mən KXCP-yə sədri olduğum Vahid Azərbaycan Uğrunda İstiqlal adlı qurumla gəlmişəm. Biz 26 rayon təşkilatı və 3 min nəfər üzvümüzlə birlikdə KXCP-yə daxil olmuşuq. KXCP-yə 28 yanvar 2006-cı ildə müraciət etmişik. KXCP bizim müraciətimizə fevralda Ali Məclisdə baxıb və bu məsələni müsbət qarşılayıb, bunun müsbət həll edilməsini partiyanın idarə heyətinə tapşırıb. 2006-cı il martın 26-da keçirilən qurultayın hazırlanması üçün yaradılan təşkilat komitəsinə məni də daxil ediblər. Eyni zamanda, İmişli rayon şöbəsindən qurultaya nümayəndə seçilmişəm. Qurultayda isə KXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü seçilmişəm. Həmçinin həmin günü sədr müavini təyin olunmuşam. KXCP sədrinin müavini kimi 2011-ci il aprelin sonuna qədər fəaliyyətim olub. Çünki 2011-ci ilin sentyabrında keçirilən qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olmuşam. Bəzi rayon şöbələrində konfransların keçirilməsi mənim səlahiyyətimdə olub. KXCP Saatlı təşkilatının konfransında iştirak etmişəm və bəyan etmişəm ki, sədrliyə namizəd olmaq iddiam var. Sonra 14 apreldə bu fikirlərimi İdarə Heyətində səsləndirmişəm. Bu fikirlərimdən partiya sədri narazı qalıb və aramızda mübahisə yaranıb. Ali Məclisin sədri Bəybala Əbil və KXCP sədri məni aprelin sonunda müavinlikdən azad edib”.

İ.Yusifov bildirib ki, indi də KXCP üzvüdür: “Mən sizə partiyanın 2006 və 2011-ci illərdə keçirilən qurultayın nümayəndəsi olduğuma dair mandat təqdim edə bilərəm. Mən faktiki olaraq partiya üzvüyəm. 2013-cü ildə keçirilən prezident seçkilərində namizədliyimi şəxsi təşəbbüsümlə, KXCP üzvü olaraq irəli sürmüşəm. Mənim üçün KXCP üzvləri 74 dairədən 40 min imza toplayıb. Sonradan imzaları vaxtında MSK-ya çatdıra bilməmişik. Baxın, bu faktlar qarşısında Xəzər Teyyublu deyir ki, mən 10 il əvvəl partiyadan getmişəm”.

Müsahibimiz bəyan edib ki, qurultay nümayəndəsi olmasa belə, sıravi partiya üzvü olaraq qurultayda iştirak edə və sədrliyə namizədliyini irəli sürə bilər: “Bunu da edəcəyəm. Sədr seçilib-seçilməmək başqa mövzudur. Onlar mənim sədrliyə namizədliyimi verəcəyimdən çəkindikləri üçün elan edirlər ki, 10 il əvvəl partiyadan getmişəm. Yəni üzvlüyümü danırlar. Mən dediklərimi rəqəm və sənədlərlə sübut edə bilərəm. Sadəcə olaraq mən Demokratik Birlik Fraksiyasının təsisçilərindən biriyəm və bu da KXCP rəhbərliyində xoş qarşılanmır. Mən sədrliyə namizəd olmaqda iddialıyam. Biz bu məsələləri Demokratik Birlik Fraksiyasında müzakirə etmişik. Bizdə ciddi informasiyalar var ki, onlar qurultaya nümayəndələri mərkəzi qərargahda və ya rayonlardakı KXCP üzvlərinin evində seçirlər. Biz bu adamlardan tələb edəcəyik ki, qurultay nümayəndələrinin siyahısını dərc etsinlər. Sonra isə qurultayda iştirak edənlərin siyahısının dərcini istəyəcəyik. Hesab edirəm ki, bizim bu fikirlərimizdən sonra qarşı tərəf iyunun 24-də qurultay keçirməkdən daşınacaq. Biz saxta qurultaya imkan verməyəcəyik. Biz təklif edirik ki, KXCP İdarə Heyətinin üzvləri və Demokratik Birlik Fraksiyasının İdarə Heyətinin üzvlərinin iştirakı ilə qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradaq. Əgər bizdən çəkinmirlərsə, KXCP üzvlərinə etibarları varsa, qurultaya gedək”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər