“Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu bizim üçün böyük məsuliyyətdir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: “Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü”.
Dövlət başçısının sözlərinə görə, ancaq Azərbaycan vəzifənin öhdəsindən gələ bildi: “Məşəl artıq alovlandırılıb. Biz onu qədim Atəşgah məbədində alovlandırdıq, bu, Zərdüştlüyün qədim məbədidir. Bildiyiniz kimi Azərbaycan bir çox dinlərin – Zərdüştlük, İslam, Xristianlıq, Yəhudilik – bir araya gəldiyi diyardır, ölkəmizdə xalqlar arasında unikal qardaşlıq mühiti və dinlərarası əməkdaşlıq yaradılıb. Buna görə də məşəl artıq ölkəmiz üzrə səyahət edir”.
İlham Əliyev bildirib ki, Azərbaycan Oyunlar yaxınlaşdıqca, bu hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: “Bu, bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu, kimisə necə deyərlər cana gətirib ki, Azərbaycan belə Oyunları keçirə bilər. Buna görə də hazırda biz Soçi Olimpiadası ərəfəsində yaşadığınızın demək olar ki, eynisini yaşayırıq – nüfuzdan salma, yalan, uydurma, guya bizim xərclərimizlə bağlı tamamilə astronomik rəqəmlər qeyd edilir. Prinsipcə, Oyunları keçirmək üçün əməliyyat xərclərinə cəmi bri neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinin 90 faizi ya tikilmişdi, ya da qərar qəbul edilməzdən əvvəl tikintisinə başlanılmışdı, yəni biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu bundan əvvəl də inkişaf etmişdi, siz bizdə tez-tez olursunuz və bunu görürsünüz. Buna görə də hazırda belə yalan, nifaq və kin kampaniyasına məruz qalmışıq. Lakin əsas bu deyil, əsas odur ki, dostluq və idman bayramı yaradacağımıza əminəm və əsas qonaqlarımız əlbəttə ki, idmançılar olacaqlar. Biz bu bayramda iştirak etmək istəyən hər kəsi – idmançıları, turistləri, Avropa, MDB ölkələrinin sıravi vətəndaşlarını dəvət edirik, özünüzü evinizdəki kimi yaxşı mühitdə hiss edin. Və Rusiya komandasına uğurlar arzulayıram, fikrimcə, Rusiya bu Oyunların əsas favoriti olacaq”.