13 May 2015 08:05
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Riqada “Şərq tərəfdaşlığı” Proqramı üzrə “Şərq tərəfdaşlığı və onun hüdudlarından kənarda işgüzar əməkdaşlıq” mövzusunda III Biznes forum keçiriləcək. Forumda Avropa İttifaqının, “Şərq tərəfdaşlığı”nın 39 ölkəsindən və dünyanın başqa ölkələrindən olan biznes-liderlər regionda əlverişli sahibkarlıq mühitinin inkişafı üçün, habelə nəqliyyat və maliyyə sahəsində, həmçinin rəqəmsal və energetika sahələrində uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi üçün yollar axtarıb tapmağa çalışacaqlar.

Forumu Latviya Respublikasının prezidenti və forumun rəhbəri Andris Berzinş açacaq. Tədbirin təşkilatçıları Latviya İşəgötürənlər Konfederasiyasının (LDDK) prezidenti və “BUSINESSEUROPE” Avropa Biznes Konfederasiyasının vitse-prezidenti Vitali Qavrilov, Avropa İnvestisiya Bankının prezidenti Verner Xoyer, Avropa İqtisadi və Sosial İşlər Komitəsinin İşəgötürənlər qrupunun prezidenti Yatsek Kravçukdur.

LDDK-nın prezidenti Vitali Qavrilov deyib ki, son iki ildə geosiyasi vəziyyətin inkişafı Şərq tərəfdaşlığı və Avropa İttifaqının qonşuluq siyasəti məsələlərini aktuallaşdırıb. Bu, Aİ-nin sərhədləri yaxınlığında olan və tarixi inkişaf yolu Şərq tərəfdaşlığı regionu ilə oxşar olan Latviya və digər Baltik ölkələri kimi dövlətlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Gərginliyin artması fonunda sahibkarlığa və iqtisadiyyata zərər dəyir, buna görə də “Şərq tərəfdaşlığı”nın biznes forumunda işgüzar əlaqələrin möhkəmləndirilməsi məsələsinə, eyni zamanda “Şərq tərəfdaşlığı” ölkələrində sosial dialoqun inkişafına kömək göstərilməsinə və beləliklə, gələcək inkişaf üçün əlverişli mühit yaradılmasına diqqət yetiriləcək.

“Şərq Tərəfdaşlığı” Biznes forumunda Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın, həmçinin digər ölkələrin nümayəndələri transsərhəd işgüzar əməkdaşlıq sahəsində təcrübələrini bölüşəcəklər.

Forumun sonunda işgüzar əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün tövsiyələr irəli sürüləcək və bu tövsiyələr “Şərq tərəfdaşlığı” sammiti nümayəndələrinin müzakirəsinə veriləcək.

Eyni zamanda forumda Aİ, “Şərq tərəfdaşlığı” ölkələrinin və dünyanın digər ölkələrinin sahibkarları arasında potensial işgüzar tərəfdaşlığın inkişafına kömək göstərmək üçün nümayəndələrin ikitərəfli görüşləri keçiriləcək.

“Şərq tərəfdaşlığı” Proqramı üzrə III Biznes forumun əsas təşkilatçıları Aİ Şurasında Latviya sədrliyi, LDDK və “BUSINESSEUROPE” Avropa Biznes Konfederasiyası, onların strateji tərəfdarları – Avropa İqtisadi və Sosial İşlər Komitəsinin İşəgötürənlər qrupu və Avropa İnvestisiya Bankı, habelə Latviya İnvestisiya və İnkişaf Agentliyi (LIAA), “Lattelecom” və “Eastinvest” MMC-lərdir.


Müəllif:

Oxşar xəbərlər