4 İyun 2015 12:58
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Cəfərli: “Avropa Oyunları kimi nüfuzlu yarışlar siyasi cəhətdən sabit, iqtisadi cəhətdən qüdrətli dövlətlərdə keçirilir”

Elməddin Behbud: “Erməni lobbisinin pərdə arxasında idarə etdiyi bu cür dairələr Azərbaycanın bir-birindən böyük miqyaslı layihələrinin icrasının qarşısını almaqda acizdirlər”

Bakıda keçiriləcək I Avropa Oyunlarına görə artıq dünyanın diqqəti Azərbaycana yönəlib. Qısa vaxt ərzində lazımi idman infrastrukturunun yaradılması Avropa ölkələrinin marağına səbəb olub.

“Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət”in sədr müavini Elman Cəfərli bildirib ki, ölkəmizin qitə tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi ciddi hadisədir. Onun sözlərinə görə, Avropa Oyunları bütün parametrlər üzrə Azərbaycana yalnız fayda gətirəcək:

“Qısa vaxtda ölkənin idman arenaları ən müasir standartlara uyğunlaşdırılıb, xeyli sayda müasir idman kompleksləri tikilib, nəqliyyat və turizm sistemi təkmilləşdirilib, bu nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə keçirilməsi və ölkəmizin dünyaya sülh və təhlükəsizlik, abadlıq və inkişaf məkanı kimi tanıdılması üçün xeyli iş görülüb. Oyunlara ev sahibliyi etmək Azərbaycan dövlətinin və xalqının böyük uğurudur. I Avropa Oyunları dövlətimizin keçirdiyi yarışdır və dövlətimizin nüfuzunu göstərən bir tədbirdir. Adətən bu cür nüfuzlu böyük yarışlar siyasi cəhətdən sabit, iqtisadi cəhətdən qüdrətli dövlətlərdə keçirilir. Bu baxımdan qitə miqyaslı nüfuzlu yarışların təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycan bu uğuru son illərdə keçdiyi uğurlu inkişaf yolu, qazandığı siyasi, iqtisadi nailiyyətlərlə əldə edib. Bu gün Avropada, dünyada belə bir inam var ki, Azərbaycan bu cür mötəbər oyunlara ev sahibliyi edə biləcək gücdədir.

Nəzərə almaq lazımdır ki, bu, təkcə idman yarışları deyil, daha çox reklam, təbliğat müstəvisi, siyasi nüfuz imkanıdır. Ermənistanla müharibə şəraitində olan, işğalçı ölkənin hərbi təcavüzünə məruz qalmış Azərbaycan I Avropa Oyunlarından təbliğat baxımından da faydalanacaq. Yarışlarda iştirak edəcək minlərlə idmançı, onların məşqçiləri, oyunları izləmək üçün Bakıya gələcək azarkeşlər Ermənistanın təcavüzkar siyasəti barədə obyektiv məlumat alacaqlar".

E.Cəfərli qeyd edib ki, son 25 ildə erməni lobbisi, erməni dəstəkçisi olan bir sıra beynəlxalq dairələr Azərbaycan və xalqımız haqqında mənfi fikirlər formalaşdırıblar: “Azərbaycan xalqı haqqında qeyri-mədəni, qeyri-sivil toplum obrazı yaratmağa cəhd ediblər. I Avropa Oyunları bu cür qeyri-sağlam fikirlərin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Bakıya gələcək avropalı, əslində, Azərbaycan xalqının necə tolerant, sülhpərvər, qonaqsevər olduğunu görəcək. Onlarla xalqın Azərbaycanda bərabərhüquqlu, sülh şəraitində yaşadığının, bu ölkədə çoxmədəniyyətliliyin qorunduğunun şahidi olacaq. Bakıya gələcək avropalı Avropa Oyunlarından bu ölkə haqqında tamam başqa təsəvvürlə qayıdacaq. Avropalıya məlum olacaq ki, bu ölkədə heç bir azsaylı xalqın, başqa dindən olanların haqqı tapdalanmır, əksinə, onların hüquqlarının qorunmasına dövlət özü qarantdır.

Bütün bunlarla yanaşı, I Avropa Oyunları idman yarışlarıdır və bunun Azərbaycan idmanı, Azərbaycan idmançıları üçün nəticələrini də unutmamalıyıq. Bu yarışlar Azərbaycan idmançılarının tanınması, nüfuzlu beynəlxalq yarışlara vəsiqə qazanması üçün bir şansdır".

“Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi”nin (DANİB) sədri Elməddin Behbud qeyd edib ki, hər şeydən əvvəl Avropa ailəsinə yenicə daxil olan, müstəqilliyinin bərpa tarixinin yaşı 25-ci ilə belə çatmayan bir ölkənin sözügedən qitənin beynəlxalq idman standartlarını müəyyən edən dövlət kimi təsdiqlənməsi fərəh doğurucu haldır. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin mütləq əksəriyyəti bunu ölkəmizin beynəlxalq nüfuzunun və dünya olimpiya hərəkatında fəal iştirakının göstəricisi sayırlar: “Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yüksək hazırlıq işləri Azərbaycanı bir daha dünyaya inkişaf edən, tolerant, müasir, sivil ölkə kimi təqdim etmək imkanı verəcək. Eyni zamanda, nəzərə alaq ki, bu böyük idman yarışı ilə bağlı 2012-ci ildən etibarən aparılan nəhəng infrastruktur quruculuğu işləri, eyni zamanda, Azərbaycanın 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir”.

E.Behbud təəssüflə qeyd edib ki, hər zamankı kimi Azərbaycanın inkişafını həzm edə bilməyən, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, beynəlxalq aləmdə kifayət qədər fəal oyunçu kimi ölkəmizin artan nüfuzu ilə barışmaq istəməyən əleyhdarlarımız I Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmaq üçün hər cür böhtanı özləri üçün məqbul bilirlər: “İnsan haqlarının istismarçısı olduğu artıq heç kimdə şübhə doğurmayan siyasi dairələr bəlli QHT-lərin vasitəsi ilə ölkəmiz haqqında iftira xarakterli informasiyaları tirajlamaqla dövlətimzin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Ancaq diqqət etsək, görərik ki, ölkəmizə qarşı hər belə təzyiq kampaniyası heç bir səmərə vermir. Erməni lobbisinin pərdə arxasında idarə etdiyi bu cür dairələr Azərbaycanın bir-birindən böyük miqyaslı layihələrinin icrasının qarşısını almaqda acizdirlər. Bütün bu nailiyyətlə, əlbəttə ki, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsinin nəticəsidir”.

BƏXTİYAR


Müəllif: