Azərbaycanın sülh missiyalarında iştirakı ölkənin Silahlı Qüvvələrinin inkişafına və onların operativliyinin yüksəlməsinə təkan verib. Bunu bazar günü ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və ABŞ arasında artıq neçə illərdi ki hərbi əməkdaşlıq həyata keçirilir.
"Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Azərbaycan Əfqanıstanda, İraqda və Kosovodakı sülh missiyalarında iştirak edir. Bu sülh missiyalarına qoşularaq, Azərbaycan öz hərbi qüvvələrinin inkişafına və onların operativliyinin yüksəlməsinə təkan verib", - səfir bildirib.
Robert Sekuta həmçinin Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq məsələsini şərh edib: "Mən sizin suala bağlı tam informasiya verə bilməyəcəyəm, amma, demək istəyirəm ki, bizim ölkələrimiz bu sahədə əməkdaşlıq etmək niyyətindədir, və biz bu alqışlayırıq".
Bundan öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Pentaqonla əlaqələrinin bərpa edilməsi haqqında məlumat yaymışdı.