29 İyul 2015 16:44
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Manaflı: "Sədrin qatılmadığı seçkilərdə partiyanın nə işi var?"

"Vətəndaş Həmrəyliyi Partiyası noyabrda keçiriləcək parlament seçkilərində iştirak barədə qərar verib və hazırlıq prosesinə başlanılıb".

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O qeyd edib ki, Ali Məclis seçki səlahiyyətini Siyasi Şuraya verib və orada müzakirə aparılır: "Ehtiyac olacağı təqdirdə Ali Məclis sessiya keçirib qərar verəcək".

R.Manaflı 125 seçki dairəsinin hər birindən namizəd irəli sürülməsini önəmli saymır: "Namizəd vermək xatirinə namizəd verilməsinə də vacib element kimi baxmıram. Hansı dairədən partiya namizədinin çox səs toplamaq imkanı varsa, oradan namizəd irəli sürülməlidir".

Sabir Rüstəmxanlının namizədliyinin irəli sürülməsinə gəlincə, o, VHP sədrinin fikrini dəqiqləşdirmədiyini deyib: "Əgər partiya seçkilərə gedirsə, sədrlə birgə getməlidir. Sədrin qatılmadığı seçkilərdə partiyanın nə işi var? Məsələ hələ ki, müzakirə olunur. Sabir Rüstəmxanlı neçə ildir parlamentdə təmsil olunur, növbəti seçkilərdə gəncləri irəli çəkmək istəyir. Amma hesab edirəm ki, VHP seçkilərə Sabir bəyin başçılığı ilə getməlidir. Seçki prosesi boyu dairələrdə təbliğatını quran namizədlərin hamısına sual veriləcək ki, sədr namizəd olmayıb? Bu da hər yerdə anlaşılmazlıq yaradacaq və arqumentlərlə dolğun izah edilməlidir. Bir sözlə, namizədlərimizi çətinlik qarşısında qoya biləcək situasiya yarana bilər. İstənilən partiya seçkiyə sədri ilə bir yerdə getməlidir, bunu aksiom hesab edirəm".

R.Manaflı özü seçkilərdə iştirak etmək niyyətində deyil: "Qərarlar səs çoxluğu ilə qəbul olunur. Mən seçkiyə "yox" deyənlər arasında, azlıqdayam. Sabir Rüstəmxanlı seçkidə iştirak etməyin tərəfdarıdır".
O VHP-nin bu il qurultay keçirəcəyini də söyləyib: "İşlər öz axarı ilə davam edir. Rayonlarda konfranslar keçirilir. Bu, ağır prosesdir, ümid edirik ki, ilin sonuna yekunlaşacaq. İlin axırında, yaxud 2016-cı ilin əvvəlində qurultayımızı keçirə biləcəyik. Qurultay gündəmdədir, hazırlaşırıq".

Ali Məclisin sədri Müsavat Partiyasında qurultay sonrası parçalanmanın VHP-də olma mümkünlüyünə də toxunub: "İstənilən qurumda sədr dəyişikliyi müxtəlif gərginliklər yaradacaq. Bu, qaçılmaz prosesdir. Çox nadir hallarda nəticəsi sakit olan proses gedir. Sabir Rüstəmxanlı sədr olmayacağı halda, bizim partiyada da problem yaranacaq. Hələ ki, belə məsələ gündəlikdə dayanmır, ona görə də ciddi araşdırma aparmırıq. Həm də Sabir bəyi heç yana buraxmaq istəmirik. Hesab edirik ki, Sabir Rüstəmxanlı partiyada alternativsizdir. Sabir Rüstəmxanlı ilə yanaşı partiyanı idarə edən komanda var. Başqa komanda gələcəksə, estafet komanda halında yeni sədrə verilməlidir ki, partiyada problemlər yaranmasın. Müsavat bu mərhələni ağır keçirdi. Orada qüvvələr arasında fərq çox az oldu, Arif Hacılı ilə Qubad İbadoğlu arasında səslərin yarıya bölünməsi, bir tərəfin o biri tərəfi qəbul etməməsi bu cür ağır nəticəyə səbəb oldu".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər