“Qardaş Türkiyədə baş verənlər son 13 ildə aparılan siyasətin məntiqi nəticəsi olaraq meydana çıxıb. Əlbəttə, bu həm də aparılan siyasətin yanlış olmasının nəticəsidir. Bu məsələnin kökündən həll etmək imkanı olduğu zaman beynəlxalq güclərin hesabına həll edilməyib. Həm PKK, həm də onun HDP-si ortadadır. Bu reallıq 30 ildən artıqdır ki görünür. Amma məhz ilk dəfə Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə PKK-nın siyasi qolu bu qədər güclənə, siyasiləşə və önəm daşıya bildilər. İndi də parlamentə daxil olublar. Ən azından hakimiyyət etiraf etməlidir ki, indiki problemin əsasını onların apardığı siyasət qoyub”.
Bunu Teleqraf.com-a müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. Müsahibəni təqdim edirik:
- Mirmahmud bəy, KXCP-nin III Qurultayı keçirildi. Qurultayın nəticələrini necə qiymətləndirirsiniz?
- Qiyməti bizdən daha çox qurultayda iştirak edən qonaqların həm təbriki, həm tərkibi, həm də məsələlərə yanaşması ortaya qoyur. Qurultayı uğurla keçirə bildik. Təbii ki, çətin proses idi, amma öhdəsindən gəldik.
- KXCP İdarə Heyəti, sədrin müavinləri, Ali Məclisin sədri və müavinləri formalaşıb. Biz KXCP-də hansı yeniliklərin olduğundan danışa bilərik?
- Bizim ilk İdarə Heyətimizin toplantısı üç gün əvvəl baş tutub. Durumu dəyərləndirmişik, qurultayın nəticələrini müzakirə etmişik. Hələlik qurultayın nəticələri ictimaiyyətə tam çatdırılmayıb. Həftə sonuna qədər məlumat verəcəyik. Təbii ki, ilk toplantı zamanı qərarlarımızın, qətnamələrimizin, müraciət və bəyanatlarımızın müzakirəsini davam etdirdik. Maliyyə imkanlarının azlığına, siyasi duruma, havaların anormal istiliyinə baxmayaraq, qurultayın baş tutması qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin, öncəki İdarə Heyətinin fəaliyyəti nəticəsində olub. Yəni, bu yük onların çiynində gəlmişdi. Odur ki, dediyiniz dəyişiklik azdır.
- Niyə azdır?
- Ancaq bu yaxınlarda heyət dəyişikliyi görünəcək. Hələlik ancaq yeni bir müavin təyin edilib. Nizami Ələkbərov ictimai əlaqələr üzrə müavin postuna gətirilib. Qalan müavinlər yerindədirlər. Rəhbərlik, konkret olaraq İdarə Heyətinin tərkibi dəyişməyib. Ancaq heyət dəyişikliyi çox yaxında baş verəcək. Özümüz də, cəmiyyətimiz də bunun şahidi olacağıq.
- Partiyanın İdarə Heyətində, Ali Məclisdə, digər strukturlarda yenilik olmalı, partiya gəncləşməli deyilmi?
- Təbii ki, partiya gəncləşməlidir. Amma gənclərimizin geri durmaq problemi, bütövlükdə məsələlərə astagəl baxışı var. Amma mütləq və mütləq partiya gəncləşməlidir.
- Qurultay sizi sədr seçib. Seçkilərdən sonra KXCP sədrinin əsas məqsədi və vəzifəsi nədir?
- Qarşıdan gələn Milli Məclis seçkilərində iştirak etmək, təşkilatımızı parlament partiyasına çevirmək qarşımızda duran vəzifədir. Eləcə də, Azərbaycan ictimai-siyasi həyatında öz sözümüzü demək, təşkilat kimi güclənmək, dövlət-millət qarşısında olan vəzifələrin yerinə yetirilməsində iştirakçı olmaq, problemlərin həllinə yardımçı olmaq da vəzifəmiz və məqsədlərimizdir.
- Qurultaydan sonra KXCP-nin hakimiyyət və müxalifətlə münasibətlərində hansı yeniliklər olacaq?
- Əslində, bu yenilikləri qurultay özü göstərdi. İlk dəfə idi ki, Azərbaycan siyasi tarixində, son 25 il ərzində KXCP qeyri-istisnasız olaraq bütün siyasi qüvvələrə eyni məsafədən baxdı, hakim partiyadan tutmuş müxalifətin ön üzvlərinə qədər hər kəsi qurultayına dəvət etdi. Eyni zamanda hər kəs də qurultaya və KXCP-yə münasibətini ortaya qoydu.
- Deyəsən, hakim partiya və özünü əsas müxalifət partiyası kimi təqdim edən AXCP və Milli Şuradan qurultaya gələn olmadı. Niyə?
- Bu suala onların cavab verməsi daha doğru olar. Mümkündür ki, kimsə obyektiv səbəblərdən iştirak edə bilməyib. Bəzi dostlarımız, millət vəkilləri, siyasi partiya sədrləri, ictimai şəxslər, ziyalılar vardı ki, onların dəvətini şəxsən özüm birbaşa etmişdim. Lakin Bakıda olmadıqları üçün qurultayda iştirak edə bilmədilər. Qurultay zamanı bəzilərinin adını da çəkdik. Onlar da qurultayımızı təbrik etmişdilər. Ola bilsin ki, nəzərdə tutduğunuz şəxslərin də bəziləri Bakıda olmadıqları səbəbindən qurultayda iştirak edə bilməyiblər. Amma hər halda bu, bir münasibət idi. Bundan sonra da münasibətimiz adekvat olacaq.
- KXCP ötən ildən başlanan hakimiyyət-müxalifət dialoquna necə yanaşacaq, siz bu dialoqun davam etməsində maraqlısınızmı?
- Biz bu prosesin davam etməsinin tərəfdarıyıq, bu prosesin təşəbbüskarı olmuşuq. Təşkilatçılıq prosesini Azərbaycan hökuməti, Prezident Administrasiyası həyata keçirir. Proses qarşılıqlı razılaşma əsasında aparılır. İndi əgər davam etdirmək istəyəcəklərsə, biz də buna müsbət yanaşıb davam etdirəcəyik. Yox, belə niyyət olmayacaqsa, bu zaman prosesi zorla davam etdirmək mümkün deyil. Bütün hallarda seçkidən əvvəl də, sonra da bu məsələ o qədər aktuallıq kəsb edəcək ki, indi bu məsələdə astagəllik edənlər, dialoqun əleyhinə olanlar bu tədbirlərin keçirilməsi üçün əllərindən gələni edəcəklər. Dialoqa qatılmayanlar qaça-qaça gələcəklər.
- Qurultayınız həm də seçkilərə hazırlıq kimi qiymətləndirilə bilər. KXCP qarşıdan gələn parlament seçkilərinə hazırlıq, namizədlərin müəyyən olunması, seçkidə iştirak formatı haqqında nə düşünür?
- Bu barədə KXCP olaraq düşüncələri artıq reallığa çevirmişik. KXCP və müttəfiqləri “Azadlıq-2015”Seçki Bloku formalaşdırıblar, addım-addım seçki işlərini görürlər. Qanunun imkan verdiyi, Seçki Məcəlləsinə uyğun olaraq işlərimizi davam etdiririk. Təbii ki, seçkilərə rəsmən start verildikdən sonra da addımımızı atacağıq. Biz seçkilərə hazırıq. Eyni zamanda seçki öncəsi normal atmosferin yaradılması, seçki komissiyalarının tərkibi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi də gündəmdə duran məsələlərdəndir.
- KXCP “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalar içərisində ən güclüsüdür. Hazırda blok daxilində namizədlər müəyyən edilir. Blokda olan ən güclü partiyanın neçə namizədi olacaq?
- Təbii ki, blok daxilində namizədlər siyahımızı müəyyən etməklə məşğuluq. Ola bilsin ki, bu dəfə taktikamız dəyişəcək. Başqa sözlə, daha çox namizədlərlə deyil, daha güclü namizədlərlə iştiraka üstünlük verəcəyik. Ancaq indilikdə dairələr üzrə namizədlərin müəyyən edilməsi prosesi davam edir. Bizim üçün etikadan kənar olardı ki, KXCP müttəfiqləri ilə müzakirə etdiyi məsələləri media ilə müzakirəyə çıxarsın. Şübhəsiz ki, zamanı gələndə açıqlanacaq və kimin nə qədər namizədi olacağı da bəlli olacaq.
- Sizcə, blokda əsas qarşıdurma “kimin nə qədər namizədi olmalıdır” mövzusu ətrafında olmayacaqmı?
- Hər şeyi zaman göstərəcək. Çox yaxın vaxtda hər şey ortada olacaq.
- Qurultayınızda türkmənlərlə bağlı qətnaməniz olub. Niyə məhz türkmənlərlə bağlı?
- Türk dünyasının problemlərinə biganə qalmamalıyıq. Problemlərin həllinə dəstək olmalıyıq. Təbii ki, burada Türkiyə Cümhuriyyətinin müstəsna rolu var. Həmçinin MHP-nin xüsusi rolu olmalıdır. Biz onların qurultayında iştirak edəndə də bu tezislərlə çıxış etmişik. Zamanında Alparslan Türkeş, Əbülfəz Elçibəy bu istiqamətdə addımlar atıb. Bütöv Azərbaycan, Doğu Türküstan kimi problemlər var. Bütün bunların hamısı türk və müsəlmanın başı üzərindədir. Ona görə də, bu məsələ çox ciddidir. Bu həm də bizim doğma və milli problemimizdir. Odur ki, bu məqam xüsusilə qeyd edilməlidir. Yeri gəlmişkən, istər Güney Azərbaycanda, istər Suriyada, istər İraqda, istərsə də Doğu Türküstanda türk insanının çəkdiyi əziyyəti kimsə çəkməyib. Ona görə də, qiymətləndirmədən başqa, bizim indiki vəziyyətdə işimiz bu olardı ki, onların haqlarını, apardıqları mübarizəni dəstəkləyək və qoruyaq. Əsas işimiz budur. Hesab edirik ki, onların haqlarını müdafiə etməliyik. Bu bizim borcumuzdur.
- Türkiyədə durum getdikcə pisləşir, İŞİD bu ölkəni hədəfə almış kimi görünür, PKK terror aktları həyata keçirir. Bu durumu necə qiymətləndirirsiniz?
- Qardaş Türkiyədə baş verənlər son 13 ildə aparılan siyasətin məntiqi nəticəsi olaraq meydana çıxıb. Əlbəttə, bu həm də aparılan siyasətin yanlış olmasının nəticəsidir. Bu məsələnin kökündən həll etmək imkanı olduğu zaman beynəlxalq güclərin hesabına həll edilməyib. Həm PKK, həm də onun HDP-si ortadadır. Bu reallıq 30 ildən artıqdır ki görünür. Amma məhz ilk dəfə Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə PKK-nın siyasi qolu bu qədər güclənə, siyasiləşə və önəm daşıya bildilər. İndi də parlamentə daxil olublar. Ən azından hakimiyyət etiraf etməlidir ki, indiki problemin əsasını onların apardığı siyasət qoyub. Eyni zamanda son seçkilər zamanı əldə etdikləri “qələbə” Türkiyəni böyük bir uçurumun kənarına çıxarıb. Bəzi hallarda Türkiyə bu uçurumun içərisindədir. İndi də ağılla bu uçurumdan çıxmaq lazımdır. Məncə, güc tapıb çıxacaqlar.
Nemət