22 Avqust 2015 13:02
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Respublikaçı Alternativ Hərəkatının ofisində Müsavat Partiyasının başqanı Arif Hacılı və başqan müavinləri Razim Əmiraslanlı və Səxavət Soltanlı ilə REAL-ın icra katibi Natiq Cəfərli, idarə heyəti üzvləri Azər Qasımlı, Altay Göyüşov və Erkin Qədirli arasında görüş keçirilib.

Görüş haqqında mətbuata Müsavat başqanı Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, görüşdə siyasi məsələlər müzakirə edilib: “Funksional əməkdaşlıq münasibətlərinin qurulması barədə ilkin razılığa gəldik”.

Sözügedən görüş xüsusi maraq doğurub. Çünki Müsavat 10 aya yaxındır ki, AXCP ilə yaxınlaşmaq, bu qurumla seçki əməkdaşlığı etmək istəyir. AXCP isə Müsavatı faktiki olaraq rədd edir. Ancaq indi Müsavat REAL Hərəkatı ilə təmaslar yaratmağa çalışır. Başqa sözlə, həm güclənmək, həm də AXCP-yə göstərmək istəyir ki, ondan da normal qurumla əməkdaşlıq edə bilər.

Ancaq məsələnin həm də maraqlı tərəfi odur ki, REAL indiyə qədər elan edirdi ki, ənənəvi müxalifətlə əməkdaşlıq etməyəcək. İndi isə bəlli olur ki, REAL bu mövqeyindən geri çəkilir və ənənəvi müxalifətlə əməkdaşlığa gedir. Hər halda Arif Hacılının dediyindən belə çıxır ki, tərəflər razılıq əldə edib.

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyib ki, Müsavat Partiyasının rəhbərliyi təşəbbüs göstərib, onlar da görüşməyə razılıq veriblər: “Görüşdük, ümumi müzakirələr apardıq. Seçkini, seçki prosesində iştirak edib-etməməyi müzakirə etdik. Ortada hələ heç nə yoxdur. Əlbəttə, seçkidə iştirak ediləcəksə, bir-birimizə qarşı fəaliyyət göstərməmək, mümkün qədər dairələrdə alternativ namizədlər irəli sürməmək kimi məqamlar haqqında söhbət etdik. Lakin ortada hər hansı bir razılıq yoxdur. Yeganə anlaşma odur ki, söhbətimizi davam etdirək. Razılıq odur ki, görüşüb danışaq”.

E.Qədirli deyib ki, ənənəvi müxalifətlə müttəfiqlik etmirlər və bu haqda fikirləri olub: “Ortada heç bir müttəfiqlik yoxdur. Sadəcə, söhbət olub. Adamlar danışmaq istəyiblər, görüş istəyiblər. Biz nə adla bundan imtina etməliyik? Normal və adi münasibətdir. Ancaq hansısa təşkilatda birləşmək, bloklaşmaya getmək, seçkidə birgə iştirakla bağlı söhbət olmadı. Biz ölkəmiz üçün strateji məsələlər var ki, onlara təhlükə yarananda hər kəslə birgə ola bilərik. Mən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Dağlıq Qarabağ, dünyəvilik kimi məqamları nəzərdə tuturam. Bu kimi məsələlərdə siyasi qüvvələrin ortaq mövqeyi olmalıdır. Biz bu prinsiplərdən birini qəbul etməyən qüvvə ilə danışmarıq. Biz, əslində, mövzuları razılaşdırırıq, qırmızı xətləri formalaşdırırıq. Bundan sonra müzakirələr apara bilərik. Biz məsələyə təşkilatların və adamların gözü ilə deyil, mövzular əsasında baxırıq”.

Erkin Qədirli, xüsusilə, qeyd edib ki, görüş zamanı seçkilərdə birgə iştirak, seçki bloku təsis etmək, namizədləri birgə müəyyənləşdirmək kimi məsələlərə dair müzakirə aparılmayıb: “Nə Müsavat belə təklif irəli sürdü, nə də bizim ağlımızda belə bir fikrimiz var. Odur ki, heç nə deyə bilmərəm. REAL olaraq kiməsə blokda birləşmək haqda təklifimiz yoxdur. Bizə edilən təklifləri isə ancaq müzakirə edə bilərik. REAL Milli Şuraya daxil olmadı. Hərçənd ki, bununla bağlı bizə təklif verilmişdi. Sonradan seçki bloku yaaratmaq ideyası ortaya çıxdı, lakin biz buna getmədik. Yəni, əvvəlki mövqeyimizdən geri çəkilməmişik. Müsavatla əsasən ümumi müzakirələr aparmışıq”.

REAL nümayəndəsi onu da qeyd edib ki, seçkilərdə iştirak edib-etməyəcəklərinə dair mövqelərini yaxın günlərdə mediaya açıqlayacaqlar: “Hazırda İdarə Heyəti müzakirələr aparır və bu, başa çatdırılmayıb. Hər gün başqa bir gündür. Biz vəziyyəti qiymətləndirəcəyik və mətbuat üçün xüsusi açıqlamamız olacaq”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər