1 Sentyabr 2015 17:05
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş diplomatının portfelində nələr var?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb.

TASS agentliyinin yaydığı məlumata görə, S.Lavrov sentyabrın 1-də günün birinci yarısında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) ənənəvi çıxış edib. Görüşdən dərhal sonra Rusiyanın baş diplomatı Bakıya yola düşüb. Burada görüşlər günün ikinci yarısında başlayıb. İşgüzar səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunacaq. Səfər zamanı S.Lavrov Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək.

“İkitərəfli münasibətlər, münaqişənin həlli və digər məsələlər müzakirə olunacaq”

S.Lavrovun işgüzar səfəri ilə bağlı məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

“Səfər iki mühüm hadisəyə təsadüf edir”

S.Lavrovun səfərinə münasibət bildirən politoloq Qabil Hüseynli səfərin iki mühüm hadisəyə təsadüf etdiyini deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər: “Avqustun 28-də Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu görüş və burada Trans-Xəzər layihəsinin müzakirəsi bu səfəri ortaya çıxarıb. Rusiya Trans-Xəzərlə çox maraqlanır və bu qaz kəmərinin tikilməsinin əleyhinə olduğunu dəfələrlə bildirib. Sergey Lavrovun Bakıda bu məsələyə toxunacağı və Rusiyanın mövqeyini bir daha Azərbaycanın nəzərə çatdıracağı istisna deyil. Çünki bu məsələdə açar rolunu Azərbaycan oynayır. Buna görə də Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər”.

Q.Hüseynli qeyd edib ki, səfərin digər bir səbəbi isə NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana gəlişi ilə bağlıdır: “Moskva hazırda bundan çox narahatdır. Çünki baş katibin Azərbaycana səfəri haqqında da məlumatlar dolaşır. Yəni Rusiya NATO-nun təsir dairəsinin Cənubi Qafqazda artmasından ehtiyat edir”.

Politoloqun sözlərinə görə, Xarici İşlər nazirləri səviyyəsində baş tutacaq görüşdə Azərbaycanın işğal olunmuş 7 rayonunun qaytarılması əsas müzakirə mövzusu ola bilər: “Lavrovun Azərbaycana səfəri daha çox Rusiyanın geostrateji maraqları ilə bağlıdır. Moskva maraqlarının praktiki həllində Bakının nüfuzundan və bölgədəki mövqeyindən istifadə etməyə çalışır. İndiki zamanda Azərbaycanın xarici siyasəti Türkiyə və Türkmənistanla birlikdə çox ciddi məsələlərə köklənib. Rusiyanın Azərbaycanla bağlı maraqları kifayət qədərdir. Moskva bunları reallaşdırmaq üçün ilk növbədə Bakının maraqlarını nəzərə almalıdır. Buna görə də mən güman edirəm ki, Azərbaycan Dağlıq Qarabağ və 7 rayonun qaytarılması məsələsinin praktik həllinin intensivləşməsini rus nazirin diqqətinə bir daha çatdıracaq”.

“İki ölkə arasında yaxınlaşma var”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov isə bildirib ki, S.Lavrovun Bakıya səfəri son illər Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan tərəfdaşlıq münasibətləri çərçivəsində baş tutur: “İki ölkə arasında yaxınlaşma var. İndi bu əlaqələri möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. İki ölkəni bir sıra məsələlər maraqlandırır və narahat edir. İqtisadi, siyasi, humanitar əlaqələr müzakirə olunacaq. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsilə bağlı fikir mübadiləsi aparılacaq. Sergey Lavrovun qarşısında uzun illərdir davam edən danışıqların müəyyən nəticə verməsi məsələsi qaldırılacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Kreml İrəvanın hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə münasibətlərini əsasən Dağlıq Qarabağ faktoru üzərində qurur. Yəni münaqişənin həllində Kreml üzərinə düşən addımı atır, Azərbaycan isə Moskva ilə əməkdaşlığı gücləndirir. İndiki məqamda Azərbaycanla əməkdaşlıq etmək Rusiyaya daha sərfəlidir, nəinki dostu Ermənistanla. Düşünürəm ki, Azərbaycan tərəfi Lavrovun qarşısında haqlı olaraq münaqişənin həllində vacib addımların atılması məsələsini qaldıracaq”.

F.Sadıqovun sözlərinə görə, Rusiya və Azərbaycan regionda gözlənilən digər təhlükə, İŞİD-ə qarşı birgə mübarizə aparmaq məsələsini də müzakirə edə bilərlər: “Xüsusilə, Şimali Qafqazda gözlənilən İŞİD təhlükəsi son vaxtlar daha aktualdır. Dini radikalizmin artması məsələsi bu gün tərəflər arasında müzakirə oluna bilər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər