3 Sentyabr 2015 14:59
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsində cəmləşən narazılar AXCP sədri Fuad Qəhrəmanlının Facebook sosial şəbəkəsi vasitəsilə fəal olan cəbhəçilərə verdiyi təlimatın mətnini yayıblar.

Bu mətnin necə ələ keçirildiyi məlum deyil. Mətndə Fuad Qəhrəmanlı sosial şəbəkədəki aktiv cəbhəçilərə narazıları hədəfə almaq, onlarla əlaqələri tam kəsmək, mümkün qədər nüfuzlarına zərər vurmaq istiqamətində çağırışlar edib. Narazılar isə iddia edirlər ki, bu təlimat Fuad Qəhrəmanlıdan deyil, AXCP sədri Əli Kərimlidən gəlir. Məhz Kərimlinin tapşırığı əsasında bir qrup sosial şəbəkədə narazıları təhqir edir, onları satqınlıqda və partiya liderinə dönük çıxmaqda ittiham edir.

Bu arada, narazıların birləşdiyi Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi Ağstafada konfrans keçirmək istəyib, lakin tədbir baş tutmayıb. Narazıların yaydığı məlumata görə, tədbirin keçirilməsinə yerli polis idarəsi razı olmayıb.

Daha bir istefa

AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Bəhruz Tağızadə AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsində fəaliyyətini davam etdirəcək. Bəhruz Tağızadə bildirib ki, Əli Kərimlinin partiyada yaratdığı avtoritar mühitə etiraz edərək istefa verir: "Partiyaya 2005-ci ildə gəlmişəm. O vaxt partiyanın təməl prinsipləri tamam başqa cür idi. İndi isə hər şey tərsinədir. Partiya üzvü olan gəncləri zombiləşdirmək istəyirlər. Partiya rəhbərliyinə qarşı fikir bildirənlər "xain", "satqın" adlandırılır. Dəyanət Babayev, Ağaşirin Tanrıverdioğlu partiya sıralarından qovulanda etirazımı bildirdiyim üçün məni "satqınlığa meyl etməkdə" günahlandırdılar, təzyiq göstərdilər. Partiyada dözülməz bir mühit vardı. Adam özünü Şimali Koreyadakı kimi hiss edirdi. Kimlərlə münasibət saxlamağına, kimlərlə görüşdüyünə nəzarət mexanizmi yaradılmışdı, bu da məndə fikir ayrılığının yaranmasına səbəb oldu".

B.Tağızadə Əli Kərimlinin avtoritar durum yaratdığını da bildirib: "Bu partiya hamını düşmən gözündə görür. Müsavata, KXCP-yə "satqın", "məddah" dedilər, Əli Kərimlini tənqid edən hər kəsi pislədilər. Bu da ondan irəli gəlir ki, partiya rəhbərliyi başda Əli Kərimli olmaqla yalnız öz şəxsi maraqlarını güdür. Bu partiyanın konkret siyasi ideoloji xətti, istiqaməti, gördüyü işlərin isə perspektivi yoxdur. Bunların şəxsi maraqları kimlərlə üst-üstə düşmürsə, onlara "satqın" deyib partiyadan kənarlaşdırırlar. Əli Kərimli öz partiyasında zombiləşmə siyasəti aparır. Azad fikirli gənclərə "satqın" damğası vurulur. Gültəkin Hacıbəyi YAP-da olanda onu "satqın" adlandırırdılar, Cəmil Həsənli Milli Məclisdə millət vəkili olanda "xain", "xalq düşməni" deyirdilər. Milli Şuranın Koordinasiya Şurasına gələndən sonra isə Gültəkin Hacıbəyli "xalq qəhrəmanı", "Müqəddəs Janna Dark", Cəmil Həsənli isə "xalq ağsaqqalı" oldu".

"Eldəniz Quliyevə ən komik rol verilib"

AXCP-nin Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Ehtiram Mehdiyev isə Əli Kərimli və Milli Şura üzvlərini ittiham edib: "Vaxtilə bu hakimiyyətin siyasi kursundan "2" alanlar Milli Şurada ziyalı kimi xalqa təqdim edilir. Ziyalılar Birliyinin sədri, El Hərəkatı Məclisinin rəhbəri Eldəniz Quliyev sosial şəbəkələrdə öz ziyalı məharətini göstərib. 63 yaşlı Eldəniz Quliyev AXCP-nin Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsini öz statusları ilə aşağılayır. Eldəniz Quliyev adını ziyalı qoyub, ancaq danışığına və səsləndirdiyi fikirlərə diqqət etsəniz, bu adam ziyalılıqdan çox kənardır. Bu təşkilatdan o təşkilata qaçan adam necə ziyalı ola bilər? Hara gedirsə, ordan da qovurlar, çünki demaqoq adamdır. Hazırda ən komik rol Eldəniz Quliyevə verilib".

Ehtiram Mehdiyev Əli Kərimlini də tənqid edib. Deyib ki, Əli Kərimli vaxtilə ona görə həbs edilən gənclərin məhkəmə prosesində iştirak etməyib və ya nadir hallarda edib: "Ancaq indi hər gün Xədicə İsmayılın məhkəmə prosesində iştirak edir".

Qeyd edək ki, son günlər Meydan TV-də sabiq prezident Əbülfəz Elçibəyə dair aşağılayıcı və təhqir dolu yazılar dərc olunur. Sanki indiki məqamda hansısa qrup həyatdan köçən insanı qaralamaq, ondan "KQB agenti" düzəltmək eşqinə düşüb. Lakin Əli Kərimli və AXCP-nin digər rəhbərliyi bu məsələdə susur, liderləri hesab etdiyi şəxsin təhqir olunmasını səssizcə müşahidə edirlər. Narazıların toplaşdığı AXCP-də təmsil olunan Saleh Qafarlı isə Meydan TV-nin bu hərəkətlərini sərt tənqid edib: "Emin Milli və Həbib Müntəzir həbsxana qorxusundan öz dövlətini satıb xarici kəşfiyyatın qucağında oturan adamlardır. Odur ki, onların idarə etdiyi Meydan TV-dən hər alçaqlığı gözləmək olar. Bu gün Elçibəyi KQB agenti, türk ordusunu işğalçı adlandıran, sabah erməniləri mələk də adlandıra bilər".

CAVİDAN


Müəllif: