10 Sentyabr 2015 20:44
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz töhfələrini verir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Türk Şuranın əsas prioritetlərindən biri təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, turizm, təhsil, elm və texnologiya kimi müxtəlif sahələrdə konkret layihələr vasitəsilə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsidir: "Biz qəti şəkildə inanırıq ki, davamlı inkişaf və tərəqqi əldə etmək üçün sülh və sabitliyə daha çox ehtiyac duyulur. Azərbaycan regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz töhfələrini verir. Biz nəinki regionumuzda, hətta onun hüdudlarından kənarda sülhün, sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün güclərimizi səfərbər edirik".

Nazir bildirib ki, TDƏŞ-in iki üzvü - Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirib, hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib: "Azərbaycan və Türkiyə arasında belə artan hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək. Fürsətdən istifadə edərək, mən qardaşımız cənab Feridun Sinirlioğluna və Türkiyədə son vaxtlar törədilmiş dəhşətli terror hücumlarının qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımı bildirmək istərdim".

Onun sözlərinə görə, bütün dünyada cərəyan edən son hadisələr bir daha sübut etdi ki, sülhü və sabitliyi möhkəmləndirməyin əsas sütunları dövlətlər tərəfindən hər birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən təcavüz siyasətindən çəkinməkdir: "Buna baxmayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü erməni işğalının nəticəsi kimi 20 ildən çoxdur ki pozulub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistan tərəfindən yerli əhalimizə qarşı etnik təmizləmə siyasəti aparılıb və demək olar ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub. Əsas ənənəvi insan hüquqları da daxil olmaqla, bütün beynəlxalq norma və prinsiplər həyasızcasına pozulub. Hələ də Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnaməsini kobud şəkildə rədd edir".

E.Məmmədyarov Türk Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığa toxunarkən, ölkələrimizin yerləşdiyi coğrafiyanın bizə rəqabətədavamlı tranzit ölkə potensialından istifadə üçün əlverişli imkanlar yaratdığını qeyd edib: "Bu səbəbdən, inanıram ki, coğrafiyamızdakı nəqliyyat infrastrukturu, daha da önəmlisi, qarşılıqlı əlaqə və infrastruktur əməkdaşlığın ən əhəmiyyətli sahələrindən biri kimi qalmalıdır. Avrasiya boyunca sərnişin və yük daşımalarına artan tələbat Şərq-Qərb nəqliyyat dəhlizini (xüsusilə bu dəhlizin Transxəzər hissəsini) möhkəmləndirməyi labüd edir. Şübhəsiz, bu, əcdadlarımızdan bizə ötürülən tarixi İpək Yolunun bərpa edilməsinə kömək edəcək. Limanlarımızın maddi-texniki göstəricilərinin təkmilləşdirilməsi, nəqliyyat sisteminin sadələşdirilməsi siyasətinin təşviqi, multimodal yükdaşımaların keyfiyyətinin artırılması olduqca vacibdir".

O vurğulayıb ki, gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarının reallaşdırılmasına yol açacaq, ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq: "Bu məqsədlə Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik. Məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib. Bu gün Azərbaycan həm də Cənubi Qaz Dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır".

Nazir əlavə edib ki, Cənubi Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir: "Bu, nəhəng "Şahdəniz" qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək. Bundan başqa, üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəkləyirik. Mən, həmçinin turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim".

XİN rəhbəri bildirib ki, humanitar sahədə əməkdaşlıq tərəfdaşlığımızın əsas sahələrindən biridir: "Bu sahədə yarandığı ilk gündən etibarən türk xalqları mədəniyyətinin təbliğində mühüm rol oynayan TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndiririk. 2012-ci ildə yaradılmış Türk Akademiyası və Türk Mədəniyyəti İrsi Fondunun tez bir zamanda müvafiq prosedurları tamamlayaraq beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsinin çox vacib olduğunu düşünürəm. Təhsil sahəsində nazir və işçi qruplarının mütəmadi görüşləri bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Türk tarixinə dair müştərək kitabın hazırlanması, universitetlərarası assosiasiya, tələbə-müəllim mübadiləsi proqramları kimi layihələr bu sahədə əməkdaşlığımızın inkişafına təkan verəcək. Türk Şurası çərçivəsində fəaliyyətimizin digər perspektivli sahəsi idman və gənclər ola bilər".

E.Məmmədyarov qeyd edib ki, qlobal informasiya məkanının hər keçən gün genişlənməsi və onun güclü təbliğat fəaliyyəti mexanizmi kimi istifadə edilməsini nəzərə alaraq, builki Zirvə görüşünün “media və informasiya sahəsində əməkdaşlıq” adı altında keçirilməsi günümüzün tələblərinə cavab verir: "Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv dövlətlərin media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirmək vacibdir. Biz Türk Şurasının BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizi gücləndirməliyik. Digər tərəfdən, Şuranın İƏT, ATƏT, BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Turizm Təşkilatı, BMT İnkişaf Proqramı ilə əməkdaşlığı təqdirəlayiqdir".


Müəllif:

Oxşar xəbərlər