16 Sentyabr 2015 13:46
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox təəssüflənirəm ki, Avropa Parlamenti Avropanın hər zaman bəyan etdiyi dəyərlərə zidd sənəd qəbul edib”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Onun sözlərinə görə, əslində bu sənədin mahiyyəti müvafiq lobbi qruplarının Azərbaycanın Avropa ilə, Qərblə münasibətlərini pozmağa yönəlmiş fəaliyyətinin nəticəsində meydana çıxıb: “Əgər təcrid olmaqdan söhbət gedirsə, çox təəssüflə qeyd etməliyik ki, Avropadakı bəzi qüvvələr ümumiyyətlə yeni “Berlin divarı” qurmaq istəyirlər. Çox qəribədir ki, Azərbaycana qarşı sanksiyalar tələb edirlər, amma bir çox ölkələrə tətbiq etdikləri ölkələrə sanksiyaları qaldırmaq istəyirlər. Bu ölkələrdə nə demokratiya, nə insan hüquqları istiqamətində heç bir dəyişiklik yoxdur. Yenə də bizə aydın olur ki, o sənədin məqsədi, yəni demokratiya, insan hüquqları sadəcə bir bəhanədir. Burada ilk növbədə digər çox ciddi amillər rol oynayır. Burada birinci erməni lobbi qruplarının, ikinci Azərbaycanın enerji sahəsində həyata keçirilən planlarının qarşısını almağa çalışan enerji lobbilərinin fəaliyyəti var. Üçüncü qüvvə isə ümumiyyətlə, Azərbaycanı multikulturalist ölkə, müsəlmanların yaşadığı dünyəvi dövlət kimi qəbul etmir və məqsədləri odur ki, müsəlmanları dünyaya barbar kimi nümayiş etdirsinlər. Bu, təəssüf doğurur və mənə elə gəlir ki, Avropanın hər zaman əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş dəyərlərinə zidd bir sənəddir. Belə məsələlərlə onlar özlərini izolyasiya edərək qapalı kluba çevrilirlər”.

Milli Məclisə keçirilən seçkilərlə bağlı DİP-in namizədlər siyahısı məsələsinə toxunan A.Mollazadə qeyd edib ki, partiyanın qərarı var və Siyasi Şura namizədlərin siyahısını tədiqləyib. Onun sözlərinə görə, partiyanın mətbuat xidməti tərəfindən namizədlərin siyahısı ictimaiyyətə açıqlanıb.

Hakim Yeni Azərbaycan Partiyasının namizədlərini açıqladıqdan sonra DİP-in buna uyğun adımlar atıb-atmayacağı barədə suala cavabında A.Mollazadə qeyd edib ki, seçki bütün siyasi partiyaların rəqabəti mühitində keçməlidir: “Hər bir siyasi partiya təbii olaraq, seçkilərdə iştirak etməlidir. Bunun üçün ən əsas məsələ məhz seçicilərin dəstəyini qazanmaqdır. Bu gücü siyasətçilərə, siyasi partiyalara xalq verir. Onun üçün də biz digər siyasi partiyaların qərarlarına yox, xalqın dəstəyinə yönəlmiş siyasəti aparırıq”.

DİP sədri qeyd edib ki, bu dəfə də namizədliyini 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər