Dünən dünyada Beynəlxalq Sülh Günü qeyd edilib. Həmin gün münasibətilə BMT Baş katibi Pan Gi Mun dünyaya, xüsusilə münaqişə gedən ölkələrə müraciət edib. Baş katib müraciətində qətllərin, dağıntıların dayandırılması və davamlı sülhün təmin olunması üçün çağırış edib.
Pan Gi Mun bütün müharibə edən tərəfləri bir günlük atəşkəsə əməl etməyə çağırıb. Onun sözlərinə görə, bu il Beynəlxalq Sülh Günü zorakılıq və qeyri-stabillik yaradan münaqişələrin baş verdiyi dövrə təsadüf edir: “Məyus olmaq əvəzinə, üzərimizə məsuliyyət götürməli və dünyada hazırda hökmranlıq edən qəddarlıq və cəzasızlığa son qoyulmasını tələb etməliyik”.
Pan Gi Mun gələcək nəsilləri müharibənin gətirdiyi fəlakətlərdən qorumağa çağırmaqla yanaşı, bu məsələdə gənclərin də mühüm rolunu vurğulayıb.
Lakin sülhdən danışan Pan Gi Mun Azərbaycanın işğal edilən torpaqlarının azad olunmasına xidmət edəcək BMT-nin 4 qətnaməsini, görünür, unudub. Əgər BMT öz qətnamələrinin taleyini düşünmürsə, bununla da öz nüfuzunu gözdən salırsa, o zaman Baş katibin sülhdən danışmağa mənəvi haqqı çatırmı?
“Erməni təcavüzü ilə bağlı qərarlar çıxarılmır”
Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyevin sözlərinə görə, bu gün BMT və digər beynəlxalq qurumlar, təəssüf ki, tövsiyə xarakterli bir təşkilata çevrilib. O, bunun bir sıra səbəbləri olduğunu bildirib: “Məlumdur ki, BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarət olmalıdır. Onun bütün alt strukturu, o cümlədən Təhlükəsizlik Şurası, Beynəlxalq Məhkəmə qəbul edilən qərarların icrasına nəzarət etməli və mühüm məhkəmə qərarları çıxarmalıdır.
Bundan başqa, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məsələsi də BMT-nin prioritet iş istiqaməti olmalıdır. Əlbəttə, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addım ata bilməyən BMT, bu missiyanı sanki Avropa qurumlarının, o cümlədən ATƏT-in üzərinə qoyur və məhz buna görə də faktiki olaraq nəzarəti itirir".
A.Nağıyev qeyd edib ki, bir sıra münqaişələrin həllində BMT-nin də, o cümlədən Beynəlxalq Haaqa Məhkəməsinin də qərarları olub və yerinə yetirilib: “Təəssüf ki, istər Xocalı soyqırımı, istərsə də digər erməni təcavüzü və qəddarlığı ilə bağlı qərarlar çıxarılmır və qəbul edilən qətnamələr yerinə yetirilmir və yetirilməsinə də məcbur edilmir. Bunun kökündə də dünya erməni lobbisi ilə bir yerdə, həm də BMT-nin özünün istəyinin olmaması və ya necə deyərlər, ”gücünün çatmaması" durur. Artıq verilən müddətlərin hamısı bitib. Yenə də belə nəticəyə gəlinir ki, Ermənistanı sülh masasına əyləşdirmək üçün tərəfimizdən güc nümayiş etdirmək lazımdır. Belə olduğu halda, yəqin ki, BMT öz funksiyalarını yerinə yetirmək istiqamətində addımlar atacaq".
“Bir dəfə olsun müzakirələr aparılmayıb”
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, BMT elə bir təşkilata çevrilib ki, özünün qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə də nəzarət edə bilmir: “Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnamə və Baş Məclisin qətnaməsi qəbul edilib. Bunların yerinə yetirilməsi istiqamətində Baş Məclisdə, Təhlükəsizlik Şurasında bir dəfə olsun müzakirələr aparılmayıb. O cümlədən Pan Gi Mun da gününü sayırmış kimi BMT-yə rəhbərlik edib. Bəlkə də, onun tərəfindən münaqişə tərəflərinə bir günlük sülh təkilif edilməsi müsbət hadisədir. Amma bu münaqişlərin həlli ilə kökündən məşğul olmaq lazımdır. Bir günlük atəşkəsdən sonra başlanacaq atışma sülhə nə verəcək ki? Burada rasional nə isə ola bilər, yəni bir günlük atəşkəs zamanı da insanların fikirlərində sülhə doğru hansısa düşüncələr yaranar. Beynəlxalq qurumlar bu cür məsələlərdə, postsovet məkanındakı, xüsusilə, Yaxın Şərqdə fəallaşan münaqişələrdə özünün aparıcı rolunu təsdiq etməyə çalışmalıdır. Xüsusilə də, BMT. Düzdür, sentyabrın 23-də açılışı olacaq BMT Baş Məclisinin sessiyasında bu məsələlər müzakirə ediləcək. Amma hər halda BMT sessiyadan sessiyaya bu məsələlərə diqqət yetirməməlidir. Çalışmalıdır ki, ardıcıl olaraq gündəlik fəaliyyətində bunları nəzərə alsın”.
Q.Hüseynli deyib ki, Azərbaycan BMT-nin budəfəki sessiyasında Dağlıq Qarabağ münaqişəsini ciddi şəkildə qaldırmalıdır: “Həmçinin, münaqişəyə dair qəbul edilmiş 4 Təhlükəsizlik Şurasının, bir Baş Məclisin qəbul etdiyi qətnamələrin yenidən müzakirə olunmasına və onların müddəalarının həyata keçirilməsi istiqamətində fəaliyyət proqramının hazırlanması təklifi ilə çıxış etməlidir. Lazım gələrsə, Azərbaycan bununla bağlı bəlli bir sənəd hazırlayıb BMT-nin Baş Məclisinin gündəliyinə salınmasını da təklif etməlidir.
Bu sənəd üzərindən beynəlxalq qurumların fəaliyyətini daha da fəallaşdırmaq və onların diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək lazımdır. Quru çağırışlarla, bir-birinin ardınca verilən bəyanatlarla “donuzu darıdan çıxarmaq” mümkün olmur. Münaqişə ilə bağlı yaradılmış Minsk qrupu da çox pis fəaliyyət göstərir və yalnız müxtəlif təkliflərlə gününü yola verir. Bu gün Dağlıq Qarabağ probleminin həlli ilə daha konkret mübarizə aparılmalıdır ki, tərəflər arasında Pan Gi Munun dediyi sülh əbədi olaraq bərqərar olsun".
BƏXTİYAR