Əvəz Həsənov: “Pedro Aqramunt Azərbaycan lobbisinin dostu sayılır”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasından sonra qurumda təmsil olunan Avropa Xalq Partiyası fraksiyasında Assambleyanın 2016-cı ilin yanvarında keçiriləcək sessiyasına AŞPA sədri postuna seçkilər keçirilib.
Seçkilər qrup daxilində iki namizəd, Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt və fransalı deputat, AŞPA-nın sabiq sədri Jan-Klod Minyon arasında keçirilib. Seçkilərdə 109 nəfər iştirak edib və 75 səs lehinə, 30 səs əleyhinə olmaqla Pedro Aqramunt növbəti dövr üçün AŞPA sədri postuna seçilib.
AŞPA-nın yeni sədri Pedro Aqramunt Azərbaycan üzrə həmməruzəçi olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində obyektiv mövqeyi ilə seçilib.
Belə ki, ispaniyalı həmməruzəçi bu ilin iyul ayında AŞPA-nın yay sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatının müzakirəsi zamanı Ermənistanın işğal etdiyi ərazilərdən çıxması ilə çıxış edib: “Biz burada həqiqəti deyirik. Bu hesabat həqiqət, təşkilatın prinsiplərinə, bütün ölkələrin ərazi bütövlüyü və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından irəli gələn prinsiplərə hörmət prinsipi əsasında hazırlanıb. Dövlətlərin ərazi bütövlüyü məsələsinə hörmət önəmli məsələdir”.
AŞPA-ya yeni seçilən sədrin Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi məsələsinə toxunan konfliktoloq Əvəz Həsənov bildirib ki, Pedro Aqramunt Azərbaycanın dostu sayılır. Onun sözlərinə görə, yeni sədr Azərbaycan lobbisi ilə çox güclü əlaqəsi olan bir insandır: “Hesab edirəm ki, onun sədrliyi dövründə həm Azərbaycan, həm də Ermənistan tərəfindən Dağlıq Qarabağla bağlı müəyyən təzyiqin artdığı dövr olacaq. Ona görə də AŞPA-da tez-tez Dağlıq Qarabağ münaqişəsinə müraciət olunacaq. İstər Azərbaycan, istərsə də Ermənistan tərəfindən AŞPA-nın öz münasibətini bildirməsi təklifi parlament assambleyasına çıxarılacaq. Buna görə də indiki sədrin daha intensiv şəkildə Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq şansı yaranacaq. Cəbhə xəttində vəziyyət gərginliyə doğru gedir və bu bir daha özünü göstərəcək. Eyni zamanda münaqişə zamanı dinc əhaliyə xətər yetirilməsi və ya öldürülməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri müəyyən bir reaksiya verdilər. Zənnimcə, nə zamansa AŞPA da bu məsələyə öz münasibətini bildirəcək. Ona görə də getdikcə beynəlxalq strukturların, xüsusən AŞPA kimi bir qurumun cəbhə bölgəsində baş verənlərə, Azərbaycan-Ermənistan münaqişəsində müəyyən qədər danışıqlar prosesinin intensivləşməsinin foksu artacaq. Bu mənada hesab edirəm ki, Pedro Aqramuntun sədrliyi dövründə gərgin müzakirələrin şahidi olacağıq. Yeni sədr Azərbaycan lobbisinin dostu sayılır və ola bilsin ki, Ermənistan nümayəndə heyəti onu müəyyən qədər boykot etsin və ona qarşı ittihamlar irəli sürsün. Ancaq onu yaxşı tanımadığım üçün deyə bilmərəm nə qədər güclü iradəyə malik insandır”.
Sarkisyanın Qarabağla bağlı səsləndirdiyi fikirlərin yeni seçilən AŞPA sədri ilə əlaqədar olub-olmaması ilə bağlı məsələyə toxunan Ə.Həsənov deyib ki, uzun müddətdir Ermənistan de-fakto Dağlıq Qarabağı özünün ərazisi hesab edir. Onun sözlərinə görə, Dağlıq Qarabağın büdcəsi Ermənistanın maliyyəsi hesabına formalaşır: “Eyni zamanda burada Ermənistanın bank sistemi işləyir. Eyni zamanda qondarma rejimin bütün strukturları az qala Ermənistanla əlaqəlidir. Bu mənada Ermənistan prezidentinin dediklərini nə isə yenilik hesab etmirəm. Onun bəyanatının ciddi saymıram. Artıq neçə illərdir ki, Ermənistan bunu əməlində sübut etməyə çalışırdı. Ancaq danışıqlar prosesindən çıxmamaq və dünya ictimaiyyətinə özünə qarşı qaldırmamaq üçün Ermənistan qorxusundan Dağlıq Qarabağı tanıya bilmir. Qorxulu hal odur ki, Rusiya Dağlıq Qarabağın tanınmasında Ermənistana dəstək ola bilər. Gələcəkdə Azərbaycan tamamilə Rusiyanın əhatəsindən uzaqlaşsa, Rusiya Ermənistanı məcbur edəcək ki, Dağlıq Qarabağı tanısın. Eyni zamanda özü qondarma rejimi tanıyaraq, ora sülhməramlıları yerləşdirə bilər. Məncə, bunlar hamısı bir oyundur və Azərbaycan bütün bunların hamısına çox soyuqqanlı yanaşır. Azərbaycan bilərəkdən təzyiqi artırır ki, Ermənistanda əsəblər gərginləşdikcə sistemin boşluqlar üzə çıxacaq. Bu da onu göstərir ki, Azərbaycanın təzyiqləri artdıqca, Ermənistanda Sarkisyana təzyiqlər davam edir. Hesab edirəm ki, bu, Azərbaycan tərəfindən düşünülmüş addımdır və məqsəd odur ki, Sərkisyanı reallığa gətirsin”.
BƏXTİYAR