2 Oktyabr 2015 15:56
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Ermənistanın destruktiv siyasəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil etdir”

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin 70 illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxış edib. Nazir bildirib ki, Birləşmiş Millətlər Təşkilatının təsis edilməsindən indiyədək BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edilib. O qeyd edib ki, bu dövr ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb və qarşılıqlı şəkildə əlaqəli, ənənəvi və yaranmaqda olan problemlər arasında xətt isə qeyri-müəyyən olub. Beynəlxalq münasibətlərdəki qüvvələr balansı da dəyişib: “Bizim müşahidə etdiyimiz digər hal isə odur ki, dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yanlış təfsir edilir və ya qeyd-şərtlərlə həyata keçirilir, onlardan bəziləri isə, o cümlədən öz müqəddəratını müəyyən etmək prinsipi təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilir. Bu prinsiplərin tətbiqi zamanı mövcud ikili standartlar qeyri-sabitliyə, münaqişənin həlli prosesində çıxılmaz vəziyyətə gətirib çıxarır və vəziyyəti gərginləşdirmək potensialına malikdir. Bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olub. BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir. Buna görə də münaqişələrin qarşısının alınması, vasitəçilik və sülh quruculuğu sahələrində BMT-nin daha aktiv səylər göstərməsinə ehtiyac var. Biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın və balansın təmin edilməsini BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün əsas ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf və əməkdaşlıq, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə və ya bilvasitə silahlı münaqişələr və dövlətlər arasındakı münasibətləri tənzimləyən norma və prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. Buna görə, BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji və inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün nəzərəçarpacaq təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik”.

Nazir bu baxımdan Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişəni qeyd edərək Ermənistanın destruktiv siyasətinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil etdiyini bildirib: “Ermənistan digər üzv dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməyə və onun ərazilərini işğal etməyə, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalmağa, işğalın hal-hazırkı status-kvosunu möhkəmləndirməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağa və münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olmağa davam edir. Azərbaycan iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir”.

“Azərbaycan ekstremizm və terrorizmin bütün formalarını qəti şəkildə qınayır”

E.Məmmədyarov, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin İllik Əlaqələndirici görüşündə də çıxış edib. Nazir çıxışı zamanı bir sıra İƏT üzv dövlətlərində baş verən dəyişikliklərin, onların təhlükəsizliklə bağlı artan hədə və problemlərin, həmçinin bir sıra üzv ölkələrdə pisləşən humanitar vəziyyətin dərin narahatlıq mənbəyi olaraq qaldığını bildirib. “Bu hədə və problemlər, xüsusilə üzv dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı olanlar İƏT çərçivəsində artan həmrəylik tələb edir. Yalnız prinsiplərimizə ciddi sadiq qalmaqla və siyasi yekdilliyi əldə tutmaqla, davamlı sülh, təhlükəsizlik və İslam dünyasının rifahı naminə mühüm qərarların qəbul olunduğu və həyata keçirildiyi qurum kimi İƏT-in təsisatlandırılmasına nail ola bilərik. Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq elan edib, Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərimizin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə edib. Fürsətdən istifadə edərək, mən bir daha Azərbaycan xalqı və ilk növbədə qaçqın və məcburi köçkünlərimiz adından İƏT-ə üzv dövlətlərə həmin məsələdə Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə səmimi qəlbdən öz təşəkkürümü bildirmək istərdim”, – deyə o vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan qardaş Fələstin xalqına sülh əldə etmək və Şərqi Əl-Qüds paytaxt olmaqla, müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir: “Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək “İki Dövlət” həll yoluna sadiqdir. BMT Baş Assambleyası tərəfindən Baş Qərargah və BMT ofislərində BMT-yə üzv dövlətlərinin bayraqları ilə bərabər qaldırılacaq Fələstin Dövlətinin bayrağı daxil olmaqla, qeyri-üzv müşahidəçi dövlətlərin bayraqlarının qaldırılmasına dair bu yaxınlarda qəbul olunmuş qətnamə Fələstin Dövlətinin BMT-nin tam hüquqlu üzvü olmaq uğrunda qanuni iradəsinin daha bir göstəricisi olub”.

Nazir bildirib ki, ötən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlarla güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirib: “Biz həlak olmuş şəxslərin ailələrinə, eləcə də terror hücumlarına məruz qalmış dövlətlərin hökumətlərinə və xalqlarına dərin hüznlə başsağlığı veririk”.

E.Məmmədyarov həmçinin bildirib ki, Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır. “Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə olunmalıdır. Eyni zamanda terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha İslamofobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatlığımızı bildiririk. Bizim dinə qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik. İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv mənfi rəylərin yaranmasını dayandırmaq üçün səylərimizin daha da gücləndirilməsi tələb olunur”, – deyə o vurğulayıb.

Nazir çıxışının yekununda qeyd edib ki, Azərbaycan İƏT-in proqramlarını və təşəbbüslərini dəstəkləyir, İƏT-in Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir: “Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək “İƏT-2025: Fəaliyyət Proqramı”nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik”.

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun iclasında çıxış

E.Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasında da çıxış edib. Nazir bildirib ki, dinə və ya etiqada əsaslanan dözümsüzlüyün, ayrı-seçkiliyin və şiddətin artmaqda olduğu müasir dünyada mədəniyyətlərarası və ya dinlərarası dialoq dözümlülüyün, davamlı sülhün, stabilliyin və inkişafın təşviq edilməsinin ən əhəmiyyətli vasitələrindən birinə çevrilib: “BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyunca dözümlülüyün, sülhün və qarşılıqlı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır. Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir və bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir. Şərqlə Qərbin kəsişməsində yerləşən və bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır. Biz ölkəmizin mədəni müxtəlifliyini ona dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə töhfə verən, etnik və dini müxtəlifliyi dəstəkləməyə və icmalar arasındakı əlaqələri inkişaf etdirməyə geniş imkan verən güc və üstünlük hesab edirik. Sivilizasiyalar Alyansının Dostları Qrupuna qoşulmasından sonra keçən dövr ərzində Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə region və digər ölkələrdən olan siyasi, mədəni və dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli və əməli fəaliyyətə yönəlmiş tədbirlərə ev sahibliyi edib. Biz 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır və bu tədbirin real nəticələr verəcəyinə ümid edirik. Habelə, Azərbaycan bütün dünyada mədəni müxtəliflik ideyalarının yayılması məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürüb. Biz 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və İSESCO ilə tərəfdaşlıq çərçivəsində eyni zamanda “Bakı prosesi” kimi tanınan üç “Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu” təşkil etmişik. Son olaraq mən bizim bugünkü iclasımızın stereotiplərin və anlaşılmazlığın öhdəsindən gəlməyə yönəlmiş səylərə əhəmiyyətli töhfə verəcəyindən və fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ədavəti azaltmaqla dialoqu, anlaşmanı və qarşılıqlı hörməti təşviq edəcəyindən əminliyimi bildirmək istəyirəm”.

Bakıda keçiriləcək Qlobal Forumun təqdimatı

Dünən, həmçinin BMT Sivilizasiyalar Alyansının Nazirlər Toplantısında Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib.

Toplantıda BMT-nin baş katibi Pan Ki Mun, Sivilizasiyalar Alyansı üzrə BMT Ali Nümayəndəsi Nasir Əbduləziz Əl-Nasir, BMT Baş Assambleyasının prezidenti Morgens Yukketov, EKOSOS-un prezidenti Oh Yoon, Türkiyənin xarici işlər naziri Firidun Şirinoglu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və başqaları çıxış edərək BMT Sivilizasiyalar Alyansının əhəmiyyətini qeyd edib, 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək Alyansın 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə tədbirə hazırlığı, ölkəmizin mədəniyyətlərarası dialoq prosesində rolunu qeyd edib və Azərbaycanın müasir inkişafı, çoxəsrlik multikultural ənənələri, ölkə başçısının himayəsi ilə keçirilən beynəlxalq tədbirləri əks etdirən film nümayiş etdirilib.

Tədbir BMT TV tərəfindən internet vasitəsilə canlı yayımlanıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər