“Uzun müddət belə bir tendensiya vardır ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir”.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə etdiyi təbrikində bildirib.
Təbrikdə qeyd edilir ki, hər bir xalqın özünəməxsus milli tərbiyə sistemi vardır: “Xüsusilə, təhsilin mühüm həlqəsi olan tərbiyənin məqsədi - zehni, əxlaqi və fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan, layiqli vətəndaş yetişdirməkdir. Bu şərəfli missiyanı insanlar müəllimlərə etibar edirlər. Ulu öndərimizin söylədiyi kimi, bu addan uca ad yoxdur, müəllim məktəbdə və ümumiyyətlə təhsil sahəsində ən mühüm simadır”.
M.Cabbarov təbrikində onu da qeyd edib ki, dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub: “Hər il olduğu kimi, bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Təhsilimizdə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb. Bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub. Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir”.
M.Cabbarovun sözlərinə görə, məqsədlərə doğru bütün müəllimlərimizin davamlı olaraq çalışması mühümdür. Bunu həm də təhsil quruculuğunda dövlətimizin bizim üzərimizə qoyduğu yeni öhdəliklər tələb edir: “Əziz müəllimlər! Təhsil istənilən həyat standartlarında düzgün hərəkət etmək qabiliyyətidir. Bu qabiliyyəti isə insanlar daha çox müəllimlərindən əxz ediblər. Azərbaycanın bütün tarixi dövrlərində hər zaman bizə yol göstərən, şəxsi nümunəsi ilə örnək olan müəllimlərimiz olub. Onlar milli istiqlal mübarizəmizin, maarif-mədəniyyət hədəflərimizin, müstəqil dövlət quruculuğumuzun önündə gediblər.
Müasir dövrdə müəllimlərin üzərinə düşən missiyanın üfüqləri daha da genişlənir. Bu milli mənəvi keyfiyyətlərə malik vətəndaş tərbiyəsi, qeyri-standart düşüncəli fərdin yetişdirilməsi və öyrənməyi öyrənən təhsil sistemi fəlsəfəsidir. Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!”