Azərbaycan Latın Amerikası ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişafı hazırda Azərbaycanın xarici siyasətinin prioritetidir: “Latın Amerikası ölkələri beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyir”.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığa göstərdiyi maraq bu ölkələrin rəhbərlikləri tərəfindən dəstəklənir: “Azərbaycan bir sıra Latın Amerikası ölkələrində səfirliklərini açıb və müvafiq olaraq Latın Amerikasının bir çox ölkələri Azərbaycanda diplomatik missiyalarını açıblar. Vaxtaşırı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər edilir”.
XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Azərbaycanın böyük hissəsi Braziliyanın payına düşən Latın Amerikası ölkələri ilə əmtəə dövriyyəsi 300 milyon dollardan çox təşkil edir: “Azərbaycanın bu coğrafiyanın ölkələri ilə münasibətləri, xüsusilə iqtisadi sahədə inkişaf edir. Latın Amerikası ölkələri, xüsusilə də Meksika, Honduras, Peru, Kolumbiya və digərləri qanunvericilik orqanları səviyyəsində Xocalı soyqırımı üzrə qətnamə qəbul ediblər”.