AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvləri Əli Kərimlini ittiham yağmuruna tutub.
Şirvan rayon şöbəsinin sədri İsmayıl İslamoğlu bildirib ki, Əli Kərimlini yalnız öz çıxarları maraqlandırdığı üçün AXCP-ni əlində qeyri-qanuni olsa da, saxlamağa çalışır:
"Onun qeyri-ciddiliyi özünü 99 faiz səslə qalib elan etməsindən də bəlli olur. Bir partiya liderinin 99% səs toplaması absurd və cəfəngiyyatdır. Millətə kreslo uğrunda mübarizə aparan lider yox, vətəni uğrunda, vətəndaşlarının tapdalanmış hüquqları uğrunda mübarizə aparacaq lider gərəkdir. AXCP Etimad Qurultayı Təşkilat Komitəsi artıq əsl AXCP olmağa tam hazır vəziyyətdədir".
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Fəxrim Abduləzimov deyib ki, Əli Kərimli gündəmdə qalmaq üçün nəinki Məmməd İbrahimi, partiyanın ən fəallarını belə tutdura bilər: "Onlar bu yolla aldıqları qrantı artıracaqlar. "Ziyalı" saydığımız Eldəniz Quliyevin indiyə qədər yazılarını, statuslarını izləmişik. Eldəniz Quliyev söyüş, təhqir makinasıdır. Onunla diskussiya aparmaq fikrim yoxdur, çünki hər insanın öz səviyyəsi var".
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Ehtiram Mehdiyev bildirib ki, onlar fəaliyyətlərini düzgün siyasi gedişə hesablayıb və buna da nail olublar: "2 ay ərzində cəmiyyətə AXCP EQTK-nın gücünü göstərə bildik. Mən deputatlığa namizəd olduğum dairədə əhali ilə silsilə görüşlər keçirirəm və insanların bizə olan xoş münasibətində bunu gördüm. Biz fəaliyyətimizi düzgün siyasi gedişə hesablamışdıq. Və buna da nail olduq. Artıq 60-a yaxın rayonda geniş konfransımızı keçirmişik. Məqsədimiz Əbülfəz Elçibəyin qurduğu AXCP-ni xalqa qaytarmaqdır. AXCP Əli Kərimlinin şəxsi biznesi olmamalıdır".
E.Mehdiyev oktyabrın 18-də keçiriləcək Etimad Qurultayından da danışaraq qeyd edib ki, cəmiyyət siyasətdə artıq eyni simaları görməkdən yorulub: "Qarşıdan qurultayımız gəlir. AXCP-nın qurultayı yüksək səviyyədə baş tutacaq. Artıq onlarla cəmiyyət nümayəndələri bizim tədbirdə iştirak etmək üçün müraciət edirlər. Biz seçim etməyəcəyik. Hər kəs iştirak edə bilər. Biz bu yolda israrlıyıq. İnsanlar bazar müxalifətinin 23 ildir eyni vədlərindən yorulub. Hər kəs həqiqi AXCP-ni tanımalıdır.".
AXCP etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Səbuhi Aslanbəyli isə bəyan edib ki, Əli Kərimlinin keçirdiyi qurultay legitim sayıla bilməz: "Qurultayda iştirak edən şəxslərin əksəriyyəti AXCP-nin üzvü deyildi. Pul müqabilində gətirilən insanlarla keçirilən qurultay legitim ola bilməz. Siyasi partiyaların, xarici qonaqların iştirak etməməsi, toplantının ciddi media orqanlarında işıqlandırılmaması qurultayın qeyri-legitim olmasına işarədir. AXCP-nin təmsilçisi bizik. AXCP-nin legitim qurultayını biz keçirəcəyik".
CAVİDAN