2 İyun 2014 16:27
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adil Qəribov: “Tədqiqat nüvə reaktorunda heç vaxt partlayış ola bilməz”

“Azərbaycan nüvə ölkəsi deyil. Baxmayaraq ki, ölkəmizdə 1957-ci ildən nüvə sahəsində tədqiqat işləri aparılır”. Bu fikirləri AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda indiyə qədər nüvə reaktoru və yaxud nüvə obyekti yoxdur: “1969-cu ildən radiasiya sektoru və 2001-ci ildə isə Radiasiya Problemləri İnstitutu yaradılıb. Hələ 1978-79-cu illərdə SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması haqqında qərar qəbul edilib və layihədə işlənib. Hətta biz reaktorun seçimini də etmişdik və Kurçatov adına İnstitutdan reaktorun alınması məsələsi də qoyulmuşdu. Lakin ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra respublikanın digər rəhbərləri bu məsələyə barmaqarası baxdı və reaktorun tikintisi başa çatmadı. Yenidən 1982-ci ildə Azərbaycanda Atom Elektrik Stansiyası tikilməyə başladı. İlkin mərhələdə bu stansiyanın Gürcüstanda tikilməsi nəzərdə tutulmuşdu, ancaq ümummilli lider öz təsir imkanlarından istifadə edərək, istiqaməti dəyişdirərək stansiyanın tikintisini buraya yönəltdi ki, Azərbaycan nüvə ölkəsi olsun. Əslində o dövrdə Azərbaycanın enerjiyə ehtiyacı yox idi. Amma o layihə tamamlandı, smeta sənədi də hazır oldu. Nəvaidə həmin reaktorun bünövrə quyusu qazılmış, hətta yaşayış binaları da tikilmişdi.

1986-cı ildə Ukraynada Çernobıl qəzasından sonra işlər dayandırıldı, ardınca isə sovetlər birliyi dağıldı. Bunları deməkdə məqsədim odur ki, Azərbaycanın hələ o dövrdən bu sahədə təcrübəsi və kadr potensialı var idi. 1957-ci ildə 15 azərbaycanlı fizik Moskva Dövlət Universitetində və digər institutlarda nüvə sahəsində oxuyub. Eləcə də 70-ci illərdə 10-a yaxın insan bu sahənin tədqiqatı üçün məktəb keçiblər. Sovetlər birliyi dağılanda Azərbaycanda pərakəndə şəkildə olsa da, kadr potensialı vardı və 2001-ci ildə bizim institut yaradılanda əsas elmi fəaliyyəti nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə elmi araşdırmaların aparılması idi. Bu sahədə yeganə elmi qurum olaraq MAQATE-Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə, NATO, Avropa İttifaqı, ABŞ-ın müxtəlif qurumlarla nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə radiasiya təhlükəsizliyi üzrə birgə layihələr həyata keçirmişik. Həmin layihələrin hesabına bizim institut dünyada ən müasir avadanlıqlara malik olan bir quruma çevrilib. Lakin bir dənə də olsun, tədqiqat aparmaq üçün mənbəyimiz yox idi. Bu məsələ artıq 7-8 il idi ki, qaldırılırdı. Təxminən 2007-ci ildən bu məsələ qaldırılıb və MAQATE ilə birgə Azərbaycanda nüvə reaktorunun yaradılmasının əsaslandırılması üzrə layihə həyata keçirilib. Bizim 16-a yaxın gənc mütəxəssisimiz dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada Dubna – Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzində bu sahədə hazırlıq keçiblər”.

A.Qəribovun sözlərinə görə, dövlət başçısının may ayının 8-də Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında müvafiq sərəncamından sonra məsələ yenidən gündəmə gəlib. O deyib ki, bundan sonra Azərbaycan dünyanın diqqət mərkəzindədir: “Burada təhlükəli bir şey yoxdur. Tikiləcək obyekt tədqiqat nüvə reaktorudur. Bu tip obyektlər dünyanın bütün ölkələrində şəhərin mərkəzində olan universitetlərin içərisindədir. Məsələn, tədqiqat nüvə reaktoru İstanbul Texniki Universitetində yerləşir. Eləcə də Rusiyanın bir çox universitetlərində bu, belədir. Velosiped kəşf etmirik, bu. dünyada gedilmiş yoldur. Tədqiqat nüvə reaktorunda heç vaxt partlayış ola bilməz, çünki bu reaktorda yanacaq daimi olaraq soyuducu suyun içərisində olur. Bu sahədə qəza heç vaxt müşahidə edilməyib. Ona görə ki, tədqiqat nüvə reaktoru 50 kv. metrlik bir otaqda yerləşir və yazılanlar düzgün deyil. Narahatçılığa heç bir əsas yoxdur. Azərbaycan sivil dövlətdir, kosmos ölkəsidir və Azərbaycan nüvə ölkəsi də olmalı idi. Sərəncamda da göstərildiyi kimi təkcə tədqiqat nüvə reaktoru deyil, yaxın gələcəkdə Azərbaycanda nüvə energetikasının inkişafının üzərində də işləmək lazım gələcək.

Mərkəzin yaradılması istiqamətində işlər gedir və yəqin ki, o mərkəz yalnız praktiki deyil, həm də fundamental elmi-tədqiqat işləri aparmaqla məşğul olacaq. Mərkəz bu sahədə olan tədqiqatları koordinasiya edəcək və dövlətimizin siyasətinə müvafiq nüvə sahəsində icrası bir qurum kimi də fəaliyyət göstərəcək. Hesab edirəm ki, bu sahədə heç kəsin narahatçılığına əsas yoxdur. Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi gündəmdə yoxdur. Hələlik bizim təbii nüvə materiallarının öyrənilməsi, onlardan istifadə yollarının müəyyənləşməsi, nüvə və radiasiya materialşünaslığı üzrə işlərin aparılması istiqamətində tədqiqatlar aparılır”.


BƏXTİYAR


Müəllif: