Müsavat Partiyasının son mitinqindən sonra narazı partiya üzvləri Arif Hacılının istefasını tələb etməyə başlayıb.
Bu haqda danışan Müsavat başqanlığına sabiq namizəd, partiyada narazı kəsimin əsas ifadəçisi olan Tural Abbaslı maraqlı açıqlama verib. O, Arif Hacılının təşkilatçılığı ilə keçirilən son mitinqi kəskin tənqid edib, bunun mitinq adlandırılmasına qarşı çıxıb: “Bu mitinqi qiymətləndirmək lazım deyil. Görünən faktdır, əlavə şərhə ehtiyac yoxdur. Müsavat sonuncu qurultayından sonra xeyli zəifləyib. Buna səbəb yürüdülən qüsurlu idarəetmədir. Bu idarəçilik daxili avtoritarlıq, üzvlərə biganə və səhlənkar münasibətdə özünü ifadə edirdi. Son nəticədə Müsavat bu qədər zəiflədi. Müsavatın belə zəif mitinq keçirməsi mənim üçün gözlənilməz olmadı. Müsavat adına belə zəif mitinqin keçirilməsini ürək ağrısı ilə seyr etdim. Buna gah mitinq, gah görüş, gah piket, gah da bir dairənin namizədi ilə seçicilərin görüşü dedilər. Ancaq bütün hallarda bu, mitinq deyildi. Bu qurultaydan sonra Müsavat adına yürüdülən siyasətin məntiqi sonluğu idi”.
Aksiyaya qatılmadıqlarını qeyd edən Abbaslı bildirib ki, xüsusi qərarları olmayıb ki, tədbiri boykot etsinlər: “Mən qarşıdan gələn parlament seçkilərində iştirak edirəm, 21 saylı dairədən namizədəm. Təşviqat günləri də məhduddur. Biz hazırda gərgin iş rejimində çalışırıq. “Ağ Blok”un üzvləri hazırda təbliğat-təşviqat materiallarını yayır, seçicilərə broşuralar dağıdırlar. Eləcə də, müşahidəçilərin siyahısını hazırlayırıq. Bütün bunlar vaxt tələb edir. Odur ki, bizim həmin aksiyaya gedib hansısa bir namizədin çıxışına qulaq asmaq imkanında deyildik. Ona görə də, biz daha real işlərlə məşğul olduq və bu səbəbdən də, Müsavatın tədbirinə qatılmadıq. Yəni, bunu boykot, tədbirin zəif alınması məqsədilə, sobataj etmək məqsədilə atılan addım kimi təqdim etmək səhv olardı”.
Müsavatdakı rəhbərliyə müxalifət olan qrupun rəhbəri Arif Hacılının istefasını da tələb edib: “Ümumiyyətlə, Arif Hacılının bir illik başqanlığını analiz edəndə, bu gün Müsavatın itirdikləri ilə qazandıqlarını müqayisə edəndə, artıq Arif Hacılının istefası gündəmə gəlir. Sadəcə olaraq biz qeyd edirdik ki, seçkidən sonra nəticəsizlik olacaqsa, bu zaman Hacılının istefasını daha kəskin və real formada etmək olar. Yeni başqan partiyanı nəinki zəiflədib, hətta uğursuzluq həddinə gətirib. Bir insan siyasi prosesləri nə qədər dalana dirəməlidir ki, onun istefası tələb olunsun? İndi müsavatçılar neyləməlidir, daha bir 20 ildə bu uğursuz olmalıdır ki, camaat desin ki, Arif Hacılı xətrinizə dəyməsin, artıq getmək zamanıdır. Artıq bu adam 1 ildir ki, başqandır, iki dəfə kütləvi aksiya təşkil edib, mənzərə də ortadadır. Son bir ildə bütün addımları Müsavatın zəifləməsinə, partiyanın imicinə zərər vurulmasına səbəb olub. Artıq hər bir müsavatçının Arif Hacılının istefasını tələb etməyə mənəvi haqqı var”.
Arif Hacılı Müsavat qərargahının gözətçisi ilə savaşıb
Bu arada isə bəlli olub ki, Müsavat Partiyasının mərkəzi qərargahının gözətçisi ilə başqan Arif Hacılı arasında problem yaranıb. Gözətçi Zahir Beydulla bəyan edib ki, işdən çıxarılması və əməkhaqqının verilməməsinə görə, partiyanın qarşısında aksiya keçirəcək. Gözətçi deyib ki, bir müddət əvvəl, əmək haqqını ala bilməməsi ilə bağlı mətbuatda yayılan informasiya Arif Hacılı ilə arasında münaqişəyə səbəb olub: “Dünən mən Müsavat Partiyasının qərargahına getmişdim. Orada Arif Hacılı məni görən kimi əsəbiləşdi və başladı qışqırmağa ki, mənim heç kimə borcum yoxdur. Mən də dedim ki, niyə qışqırırsınız? Bəli, sizin mənə şəxsi borcunuz yoxdur. Mənim də Gülağa Aslanlıya müəyyən məbləğdə şəxsi borcum var. Amma Müsavat Partiyasının mənə olan borcunu istəyirəm. Mən Müsavat Partiyasında işlədiyim dövrün maaşını istəyirəm. Siz də bu partiyanın başqanı olduğunuza görə sizə müraciət etmişəm. Demirəm ki, şəxsən sizin mənə borcunuz var, borc partiyanın borcudur, siz də partiyanın başqanısız. Çox cılız vəziyyətlə qarşılaşdım. O da əsəbiləşdi və məni partiyanın qərargahına buraxmamağı tapşırdı. Amma o, bunu edə bilməz. Çünki mən Müsavat Partiyasının Binəqədi rayon təşkilatının, həm də Şura üzvüyəm. Kifayət qədər hörmətim də var. Sadəcə olaraq, mən bu problemi ictimailəşdirdiyim üçün əsəbidirlər və istəyirlər ki, məni partiya üzvlüyündən xaric etsinlər. Ancaq mən Müsavat Partiyasının mitinqinə də gəlmişdim, özəklə də əlaqə saxlayıram, üzvlük haqqını da ödəyirəm. Mən sadəcə olaraq işdən çıxarılmışam”.
CAVİDAN