Müsavat Partiyasının daxilində növbəti narazılıq yaranıb. Buna səbəb Müsavat Divanının çıxardığı qərardır.
Belə ki, dünən Divanın təcili toplantısı çağırılıb, elan olunub ki, partiya qarşıdan gələn parlament seçkilərindən çəkilir. Maraqlıdır ki, bu qərarı qəbul edən Divan üzvləri namizədliyini irəli sürən və qeydə alınan namizədlərin rəylərini öyrənməyiblər.
Çünki hazırda Müsavatdan olan əksər namizədlər müxtəlif rayonlarda seçki kampaniyası aparır, seçicilərlə təmaslar qurmağa çalışır. Əldə etdiyimiz məlumata görə, hələ bir neçə gün əvvəl Müsavatda bu məsələ müzakirə edilib, lakin bir çox namizədlər seçkidən çəkilməyə isti münasibət ifadə etməyib.
Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Müsavatın indiyə qədər namizədliyi qeydə alınan 25 namizədi var. Onun fikrincə, Divanın qəbul etdiyi qərardan sonra namizədlər seçki marafonunu dayandırmalıdır. Bununla belə, Gülağa Aslanlı seçki marafonunu dayandırmayacaq şəxslərlə bağlı hansı tədbirlərin görüləcəyini açıqlamayıb: “Qərar yenicə verilib. İndiyə qədər namizədlərimizin etirazı ilə qarşılaşmamışıq. Əgər belə faktlar olacaqsa, o zaman partiyanın mövqeyi də olacaq”.
Müsavat Partiyasının üzvü Tural Abbaslı hesab edir ki, Divanın bu qərarı səhvdir. Onun sözlərinə görə, seçkiyə 3 gün qalmış belə bir addımın atılması Müsavat rəhbərliyinin uzaqgörən siyasət yürütmədiyinin göstəricisidir: “Əgər bir ay əvvəldən belə bir qərar olsaydı, başa düşülərdi. Müsavat seçkiyə qatıldığı səbəbindən AXCP ilə qarşıdurmada olub, seçkiyə getməyin arqumentlərini ifadə edib, müxalifətin müəyyən hissəsi ilə münasibətlərini pozub. Bəs, indi nə dəyişib ki, Müsavat belə bir qərar verib. Bu qərar məntiqsizdir. Üstəlik, bu qərarın nə hüquqi, nə də siyasi əhəmiyyəti var. Onsuz da parlament seçkilərində yetərsay yoxdur, bu isə o deməkdir ki, Müsavatsız da seçkilər baş tutacaq. İkincisi, Müsavatın bu addımının seçkilərdən sonra legitimliyə hər hansı bir təsiri yoxdur. İndiyə qədər bəzi seçkilər də boykot edilib, lakin bunun heç bir mənası olmayıb. Üçüncüsü, Müsavat Partiyasından 25 namizəd olub. Bu şəxslərin hər biri 400 imza toplayaraq qeydə alınıb. İndilikdə isə Müsavatın rəhbərliyi 10 minə yaxın imza verən şəxsləri nəzərə almayıb, daha çox korporativ maraqlarını nəzərə alıb ki, bu da yolverilməzdir. Bundan başqa, 25 namizəd rayonlarda seçicilərlə görüşüb, onlara hansısa vədlər verib, rayonlar və kəndlərdə ağsaqqallarla görüşüb. Müsavat rəhbərliyi isə bir qərarla bütün bunların üzərindən xətt çəkmək istəyir. Bu isə ümumiyyətlə anlaşılan deyil”.
Tural Abbaslı qeyd edib ki, onun özü şəxsən namizəddir və partiyanın bu qərarının onlara heç bir təsiri yoxdur: “Biz seçkilərdə iştirak edəcəyik, geri çəkilmək niyyətimiz yoxdur. Partiya qarşısında da hər hansı bir öhdəliyimiz yoxdur. Rəhbərliyin bu qərarı həm Müsavatda narazılıq yaradacaq, həm də mövcud olan narazılığı bir qədər də dərinləşdirəcək”.
Qeyd edək ki, Müsavat Partiyasının üzvü olan bəzi namizədlər də bu qərardan narazıdır. Əldə etdiyimiz məlumata görə, İkram İsrafil, İltizam Əkbər və digər namizədlər seçkidə iştirak edəcək. Yeri gəlmişkən, İkram İsrafil əməkdaşımıza deyib ki, hazırda seçicilərlə görüşə gedir: “Müsavatın qərarından xəbərim yoxdur. Mən seçicilərlə görüşlərimi davam etdirəcəyəm”.
Qeyd edək ki, Müsavatın bu qərarı həm də formal xarakter daşıyır. Çünki artıq seçki bülletenləri çap edilib və partiyanın namizədlərinin adı da bülletenlərdə qeyd olunur. Bu isə o deməkdir ki, namizədlərin seçkidə iştirakı qaçılmazdır və iştirak edəcəklər.
Cavidan