Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində işitrak edən Prezident İlham Əliyev bəyan edib ki, son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur.
Prezident bildirib ki, bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb: "Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar".
Ölkə başçısının fikirlərini dəyərləndirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün lazımi addımlar atılır və iqtisadiyyatın bu sahəsinə böyük investisiyalar qoyulur: "Bu baxımdan Azərbaycanda sosial layihələrin - məktəb, xəstəxana tikintilərinin böyük əksəriyyəti başa çatıb. Vaxtında neftdən gələn gəlirlərin düzgün istifadəsinin nəticəsində bu sahələrdə keçmişdə olan problemlərin hamısı aradan qaldırılıb. Kənd təsərrüfatı, sənayenin inkişafı ilə bağlı da proqramlar qəbul olunub. Neftin qiyməti aşağı düşsə də, qeyri-neft sektorunun inkişafı büdcədə hər hansı kəsir yaranmasına imkan vermir".
YAP rəsmisinin fikrincə, uğurla həyata keçirilən neft strategiyası və düşünülmüş iqtisadi tərəqqi konsepsiyası nəticəsində bu gün hər bir azərbaycanlı inkişafın Azərbaycan modeli kimi bir fenomenlə qürur duyur: "Ölkəmiz ildən-ilə zənginləşir, insanların rifah halı yaxşılaşır. Azad sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb, zəruri infrastruktur və hüquqi-normativ baza formalaşdırılıb. Lakin təəssüflər olsun ki, dövlətdə yüksək vəzifələr tutan bəzi şəxslər bu mühitdən öz şəxsi maraqları naminə sui-istifadə etmək və qeyri-qanuni yolla varlanmaq fikrinə düşürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər onların neqativ fəaliyyəti, sahibkarlığa törətdikləri süni əngəllər olmasaydı, bu gün ölkə iqtisadiyyatı indikindən də yüksək göstəricilərə malik olardı. Lakin ən əsası odur ki, bu tip mənfi təzahürlərə qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam edir və gələcəkdə də belə olacaq. Cəmiyyətimizdə bu baxımdan zərrə qədər şübhə və tərəddüd yoxdur və xalqımız bu addımları tam dəstəkləyir".
S.Novruzov qeyd edib ki, əldə olunan yüksəliş trendi ölkəmizin iqtisadi tərəqqisində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında müstəsna rol oynayıb: "Fakt olaraq deyə bilərəm ki, bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, iqtisadi müstəvidə böyük nailiyyətlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir.
Qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şəraitin, ictimai-siyasi sabitliyin, plüralist vətəndaş cəmiyyətinin və ən əsası xalq-hakimiyyət birliyinin əhəmiyyəti böyükdür. Birmənalı şəkildə qeyd etmək olar ki, məhz xalqın fəal dəstəyi ilə hakimiyyət ölkəmizin hərtərəfli inkişaf strategiyasının böyük inamla həyata keçirir. Bu uğurların qazanılmasında ölkəmizdəki sabitlik heç şübhəsiz əsas amillərdən biri kimi çıxış edir. Ümumiyyətlə, tarixi təcrübədən də aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır.
Bu amillərin başında isə ictimai-siyasi sabitlik faktoru gəlir. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin strateji qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, innovativ inkişaf modelləri təşkil edir".
NƏRGİZ