10 Noyabr 2015 15:14
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev son günlər ilahiyyatçı Tale Bağırzadənin rəhbəri olduğu “Müsəlman Birliyi Hərəkatı” adlanan təşkilatın radikal islamçılıqla məşğul olması, dövlət və millət əleyhinə müxtəlif radikal çağırışlar etməsinə münasibət bildirib.


Deputat A.Əliyev Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda dövlət və din bir-birindən ayrıdır: “Mən ölkədə din adamlarının siyasətə qarışmasının qəti əleyhinəyəm. Din adamları öz ibadətləri ilə məşğul olmalıdır. Çox təəssüf ki, bu gün özlərini “din adamları” kimi təqdim edən bəzi insanlar dövlətin siyasətinə müdaxilə etməklə məşğul olurlar. Son vaxtlar onlarla bağlı mətbuatda yazılan məlumatları oxuyuram. Hesab edirəm ki, bu cür adamların Azərbaycan dövlətinin siyasətinə qarışması və kimlərinsə taleyi ilə bağlı məsələləri müzakirə etməsi yolverilməzdir. Ona görə də məsləhət görürəm ki, bu cür din adamları ancaq ibadətlə məşğul olsunlar və dövlətimizin yanında olaraq cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləsinlər”.

Xatırladaq ki, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadəyə qarşı cinayət işinin açılması, onun fəaliyyətinin araşdırılması xahişi ilə baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycanda İran-fars rejimi agenturasının fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənir: “Son bir ildə İran “beşinci kolon”unu aktivləşdirib və bu xüsusilə Aşura mərasimi zamanı aydın olub. Radikal fars-islam xətti daşıyıcıları olan “hüseynçilər”in görünməmiş həddə təşkilatlanması, siyasiləşməsi, arxayınlaşması və aqressiv formada Azərbaycan dövlətçiliyi, xalqçılığı, vətənçiliyinə saymazlığı, açıq təhdid xarakterli təzahürləri üzə çıxdı”.


Müəllif: