Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırzadə həm də Cəmil Həsənlinin rəhbəri olduğu Milli Şuranın üzvüdür.
Xatırladaq ki, Nardaranda baş verən hadisədə ikisi polis olmaqla altı nəfər həlak olub.
İndiyə qədər Milli Şura rəhbərliyi Taleh Bağırzadəni qurumun üzvü kimi təqdim edirdi. Nardaran hadisələrindən sonra isə Əli Kərimli və Cəmil Həsənli bu şəxsi ilahiyyatçı kimi mətbuata təqdim edir.
Müşahidələr göstərir ki, Milli Şuranın rəhbərliyi Taleh Bağırzadədən imtina edir, bir müddət əvvəl qürurla qurumun üzvü kimi təqdim etdikləri şəxsin indi üzv olmadığı təəssüratını yaradırlar. Bununla həm də Bağırzadənin atdığı addımların məsuliyyətini bölüşmədiklərini bildirmək istəyirlər. Lakin reallıqlar göstərir ki, Bağırzadə bundan əvvəl həbsxanadan çıxan kimi Milli Şura adlı qurumun üzvü olub.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Əli Kərimlidən və Cəmil Həsənlidən fərqli olaraq deyir ki, Taleh Bağırzadə qurumun üzvüdür. Onun sözlərinə görə, Bağırzadə Milli Şuraya həbsxanada müraciət edib: “O zaman həbsxanadan müraciət etdi və onun müraciəti müsbət həll edildi. Həbsxanadan çıxandan sonra Milli Şura ilə ciddi əlaqəsi olmadı. Düzdür, həbsdən çıxandan bir neçə ay sonra yenidən saxlanılıb. Azadlıqda olduğu müddətdə Milli Şuranın iki dəfə sessiyası keçirilib. Lakin Bağırzadə bu sessiyalara qatılmayıb”.
Rafiq Manaflı qeyd edib ki, Milli Şura Taleh Bağırzadə ilə bağlı mövqeyini ortaya qoyub: “Biz prosesin hüquq müstəvisində aparılmasını məqbul hesab edirik. Ancaq bununla yanaşı şəriət dövlətinin yaradılması məsələsi haqqında fikirlər var. Hesab edirəm ki, bu mövzu Azərbaycanda aktual məsələ deyil. Şəriət dövlətini yaratmaq istəyənlər guya bu dövlətin necə idarə edilməsindən xəbərdardılar? Məncə, belə adamlar varsa, onların şəriət dövləti haqqında təsəvvürləri namaz, oruc və hicabdan o yana getmir. Əslində isə bunlar ayrı, şəriətə əsaslanan dövlət isə tamam ayrı məsələdir. Azərbaycanda böyük əksəriyyət dünyəvi dövlətin tərəfdarıdır. Hətta şəriət dövləti istiqamətində məqsədyönlü iş aparılsa belə, buna nail olmaq mümkün deyil. Bunun üçün ən azı bir neçə nəsil dəyişməlidir. Lakin bu istiqamətdə təbliğat aparmağa əvvəla dövlət imkan verməz, ikincisi, ağlı başında olan normal insan bu məsələni qaldırmaz. Azərbaycanda dünyəvi dövlət quruluşu var. Din ayrı, dövlət ayrıdır. Bu məsələnin dəyişməsini Azərbaycanın feodal dövlətə qaytarmaq istəyənlər düşünə bilər. Ağlı başında olan şəxs əsla bu barədə düşünməz. Mən şəxsən şəriət dövləti iddiasını rədd edirəm, bunu özümə yaxın buraxmıram. Belə düşüncədə olanlarla müzakirə aparmağı özümü aşağı iş bilirəm. Əsrin əvvəllərində Azərbaycanda dünyəvi dövlət qurulub. Ərəbdən gəlmə çadranın xanımların başından çıxarmaq üçün böyük işlər aparılıb, qanlar tökülüb. İndi kim yenidən xanımları çadranın altına sürükləyə bilər? Mən belə fəaliyyəti rədd edirəm”.
Rafiq Manaflı əlavə edib ki, dinin siyasətdə bir vasitə olaraq istifadə olunmasının qəti əleyhinədir və belə fəaliyyəti rədd edir: “Ümumiyyətlə, islam adı altında hansısa bir qurumun yaradılmasına qarşıyam. İslam dindir, bununla bağlı siyasi qurum yaratmağın qəti əleyhinəyəm”.
Cavidan