7 Dekabr 2015 15:20
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura adlanan qurumun sədri Cəmil Həsənli “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı status yazıb. Həmin status “Azadlıq” qəzetində dərc edilib. Yenidən parçalanmış AXCP-nin sədri Əli Kərimlinin Fövqəladə Hallar Nazirliyinə qarşı başladığı hücumları davam etdirən Cəmil Həsənli sözü gedən quruma “həvəskar bəstəkar”ın başçılıq etdiyini vurğulayıb.

Əli Kərimlinin və Cəmil Həsənlinin bu ittihamlarına münasibətini və “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı mövqeyini öyrənmək üçün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. Hər iki açıqlama ilə tanış olduğunu bildirən Qüdrət Həsənquliyev dövlət səviyyəsində matəm elan ediməsinə səbəb olmuş bir faciədən konyuktur maraqlar naminə istifadə edilməsinin yolverilməzliyini vurğuladı:

“Öncə “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı xalqımıza baş sağlığı verir, yaxınlarını itirmiş şəxslərə Allahdan səbr, yaralananlara şəfa diləyirəm. Ümid edirəm ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası hadisənin səbəblərini dərindən araşdıracaq və əgər günahkar şəxslər varsa, müəyyən ediləcək, kimliyindən asılı olmayaraq cəzalanacaq. Sualınıza gəldikdə, heç kimə sirr deyil ki, Əli Kərimli və Cəmil Həsənli zamanında mövcud hakimiyyətlə sıx əməkdaşlıq etmiş adamlardır. Siyasi sürüşkənliklərinə görə mövcud hakimiyyət onlarla əməkdaşlıqdan imtina edib, hər ikisini öz düşərgəsindən uzaqlaşdırıb, qovub. Elə bu məqam yetərlidir ki, bu cür şəxslərin dedikləri qeyri-ciddi sayılsın. Əli Kərimli Azərbaycanın regionun lider dövləti olması faktına ironiya ilə yanaşır. Görünür, Əli Kərimli onu da xatırlamaq istəmir ki, elə onun Milli Şuradakı sədri Cəmil Həsənli indi ağır şəkildə ittiham etdiyi hakimiyyətdən pul alaraq kitab yazır və həmin kitablarda Prezident İlham Əliyevin Azərbaycanı Qafqazda lider dövlətə çevirdiyini vurğulayırdı. Sifarişlə kitab yazaraq alim adına xələl gətirən bir şəxsdən belə mövqesizliyi hər zaman gözləmək mümkündür. Əli Kərimli, Cəmil Həsənli kimi maddi maraq qarşısında mövqe bildirən adamlara hər sözü söylətmək, yazdırmaq olar”.

Milli Şuradan faciəvi olayla bağlı verilən açıqlamalarda Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “həvəskar bəstəkar” adlandırılmasını isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev axmaqlıq hesab edir:

“Fövqəladə hallar nazirinə zaman-zaman edilən hücumların əsas səbəbi budur ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevin ən yaxın dostu və silahdaşıdır, hakim komandada öz sədaqəti və bacarığı ilə fərqlənir. Görünür, Əli Kərimlilərin, Cəmil Həsənlilərinin bir məsələnin də fərqinə varmağa səviyyələri çatmır. Müasir dünyada onlarla dövlət xadiminin adını çəkmək olar ki, öz rəsmi görəvlərindən əlavə, həm də yaradıcılıqla məşğul olurlar. Bu yaradıcılıq həmin şəxslərin üstün cəhəti kimi qarşılanır. Odur ki, bəstəkarlıq fəaliyyətini Kəmaləddin Heydərova irad tutmaq cəhdi axmaqlıqdan başqa bir şey deyil”.

Fürsətdən istifadə edib BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən dünən Ermənistanda keçirilmiş referenduma münasibətini də soruşduq. Məlum olduğu kimi, dünən keçirələn referendumun nəticələrinə əsasən Ermənistan prezidentlik üsul-idarəsindən imtina edərək parlament tipli respublika modelinə üstünlük verdi. Qüdrət Həsənquliyev:

“Güman etmək olar ki, indi olmasa da, hansısa mərhələdə bu referendumun nəticələri Ermənistanın demokratikləşməsinə xidmət edəcək. Bəli, biz BAXCP olaraq hər zaman Azərbaycanın parlament tipli respublika modelinə keçməsi üçün çağırışlar etmişik və indi də bu təşəbbüsümüzün arxasındayıq. Demokratik və qanunun alliyinə söykənən Azərbaycanı mən parlament tipli respublika kimi görürəm. Hakimiyyətə bir daha çağırış edirəm ki, ən qısa zamanda siyasi qüvvələrlə danışıqlara başlasın, islahatlar aparsın və bu keçidi reallaşdırsın”.

Taleh Şahsuvarlı


Müəllif:

Oxşar xəbərlər