Prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb. Qeyd edək ki, bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.
Xatırladaq ki, Nardaran qəsəbəsi uzun müddət spesifik “qanunlar”la yaşayıb, ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunmuş orta əsrlər “anklavı” təəssüratı bağışlayıb. Azərbaycanın hüquq-mühafizə orqanlarının son bir ayda həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb. Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub.
Azərbaycan hökuməti tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyulub.
Onu da bildirək ki, bu vəsaitin ayrılması bəzi söylənilənlərin əksinə olaraq dövlətin Nardaran camaatını özünə yad saymamasının göstəricisi sayıla bilər.
Politoloq Arzu Nağıyev Teleqraf.com-a bildirib ki, burada yad və ya doğmalıqdan söhbət getmir. Müsahibimiz qeyd edib ki, Nardaran Bakının Sabunçu rayonunun inzibati-ərazi dairəsinə daxil olan kəndlərindən biridir, digər kəndlərdən artıq imtiyazı yoxdur və ola da bilməz: “Sosial və digər məsələlərə gəldikdə isə bu gün Azərbaycanın sərhəd kəndlərində də vəziyyət o qədər ürəkaçan deyil və bəlkə, Nardarandan da çətindir. Lakin son vaxtlar bu kənddə baş verənlər və bu kəndə olan maraqlar dini radikalizmlə, fanatizmlə bağlı idi. Bu problemlərin maliyyə çətinlikləri ilə izahı yəqin ki, ayrılan vəsait vasitəsilə həll ediləcək. Demək olar ki, burada həm də dövlət başçısı bir humanist addım da atdı. Yəni, ayrılan məbləğ demək olar ki, bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan vəsait qədərdir”.
“Nardaran qəsəbəsinin uzun müddət spesifik “qanunlar”la yaşaması, ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunması halının aradan qaldırılması doğru addım deyilmi?” sualına cavab olaraq A.Nağıyev deyib: “Burada əsas söhbət xarici xüsusi xidmət orqanlarının himayəsi və havadarlığı altında bir qrup şəxsin radikal addımlarından gedir və özlərinə tərəfdarlar əldə edən bu qrupun əsas məqsədi Azərbaycanda konstitusion quruluşu ləğv edib islami dövlətin yaradılmasıdır. 1990-cı illərdə Azərbaycanda gedən proseslərdən, müharibədən, xaosdan, qaçqın həmvətənlərimizin çoxluğundan istifadə edən bir sıra dövlətlərin xarici xüsusi xidmət orqanları Azərbaycanda və eyni zamanda Nardaranda gənclərimizin arasından oxumaq adı ilə xarici kəşfiyyat mərkəzlərinə apardılar və demək olar ki, indi həmin şəxslərdən istifadə etməyə çalışırlar. Bunun da qarşısının alınması hüquq-mühafizə və digər müvafiq təşkilatlar tərəfindən həyata keçirildi və hazırda bərpa işləri aparılır”.
A.Nağıyev qeyd edib ki, təkcə hüquq-mühafizə orqanlarının əməliyyat keçirməsi problemi tam həll etmir: “Cinayət edən cəzasını almalıdır, bu təbiidir. Ayrılan vəsait təbii ki, çox problemləri həll edir. Bundan başqa kənddə bütün infrastrukturların normal fəaliyyətini bərpa etmək lazımdır. Təbii ki, sosial məsələlər əsas şərtlərdən biridir. Bununla paralel olaraq əhalinin maariflənmə məsələsinə də diqqət yetiirmək zəruridir. Bu istiqamətədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər dövlət strukturları fəaliyyətini daha da artırmalıdır, təhsil müəssisələri işini yenidən qurmalıdır, tibbi müayinələr və digər həyat əhəmiyyətli istiqamətlər yenilənməlidir. Bir sözlə normal, dünyəvi qanunlarla idarəçilik bərpa edilməlidir. Zənnimcə, bu istiqamətlərdə aparılan işlər və təbii ki, ayrılan vəsaitin düzgün məcraya yönəldilməsi problemi həll edəcək”.
Səxavət HƏMİD