17 Dekabr 2015 14:52
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavid Musazadə: “O, özünün salamat qalması üçün ən yaxın ətrafını da ”xərcləyəcək" adamdır"

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına iddia edən tərəflərin bir-birinə qarşı addımı davam edir. AXCP-nin Razi Nurullayev qanadı Əli Kərimlinin sədri olduğu təşkilatın AXCP deyil, “Yurd” olduğunu bildirib, həmçinin bəyan edib ki, onun dindarların radikal kəsiminin dəstəyini qazanmaq cəhdləri baş tutmayıb. Bildirilib ki, Ə.Kərimlinin yenidən siyasi meydanı zəbt etmək və özünü xilaskar obrazında cəmiyyətə sırımaq üçün sonuncu şans planı “Müsəlman Hərəkatı Birliyi”nin nümayəndəsi Tale Bağırzadənin həbs olunmasıyla alt-üst oldu. Təhlükəsizlik strukturlarının dini radikallara yönəlik tədbirlər planı son nəticədə Əli Kərimlinin tam seytnot vəziyyətinə düşməsinə səbəb oldu. “Sağ əli” hesab olunan Fuad Qəhrəmanlının həbsinə də yumşaq münasibət bildirməsi və yalançı səs-küydən imtinası buradan qaynaqlanır.

Narazı cəbhəçilər onu da qeyd ediblər ki, indiki vəziyyətdə keçmiş AXCP sədrinin ətrafında onun sözünü deyəcək adamı qalmayıb. Fuad Qəhrəmanlının həbsi ilə rəhbərlik etdiyi qrupda sözçüsü qismində çıxış edəcək ən son adamını da itirib. Qənimət Zahid və Natiq Ədilovun Avropaya qaçmaları, Həsən Kərimovun gözlənilməz vəfatı, Əbülfəz Qurbanlının istefaya getməsi, keçmiş ADP sədrinin müavini Nurəddin Məmmədliyə olan etimadısızlığı, Gözəl Bayramlının qrupa rəhbərlik iddiasında olması Əli Kərimlini yumşaq mövqedə dayanmağa məcbur edib. Digər tərəfdən AXCP sədri olduğu dönəmlərdə partiyada yaratdığı avtoritar ab-havaya etiraz olaraq cəbhəçilərin Razi Nurullayevin rəhbərliyi altında partiya təmsilçiliyinə hüquqi yollarla sahib olmaları, Əli Kərimlini siyasət meydanından kənarlaşdırıb. Ona görə də Əli Kərimli indiki durumda başqa variantlar üzərində düşünür ki, bunun da birincisi özünün imic dəyişmə cəhdidir. Üstəlik isə qarşıda AXCP-nin hüquqi varisliyi üçün məhkəmə predmeti var. İşin məhkəmə prosesi dövründə özünə “yumşaq siyasətçi” imici qazandırmağa çalışan Əli Kərimli, itirdiyi imtiyazları bu üsulla geri qaytarmağın yollarını axtarır.

AXCP sədrinin müavini Cavid Musazadə hesab edir ki, Əli Kərimli siyasətdən tamamilə xaric oldunduğunu hiss edir və hakimiyyətlə ünsiyyət yaratmağa çalışır ki, hansısa razılaşma, yaxud güzəşt əldə etsin. C.Musazadə indiki vəziyyətdə Əli Kərimlinin əsas niyyətinin bu olduğunu bildirib: “Əli Kərimli müəyyən məsələlərin tənqid olunmasını yaxın ətrafındakı insanlar arasında paylaşdırır. Bu, reallıqdır. Nəticədə ətrafındakılar tənqidlərə başlayırlar, o cümlədən Fuad Qəhrəmanlı. O, son çıxışında Nardaran hadisələri ilə bağlı ağır fikirlər səsləndirdi. Əli Kərimlinin sosial şəbəkələrdə yazdığı statuslara baxsanız görərsiniz ki, hamısı düzənlənib. Əvvəl danışdığı tondan daha da yumşaldılıb. Əli Kərimli özünün şəxsi maraqlarını müdafiə etməyə çalışır. Bununla göstərmək istəyir ki, o sərt deyil, haradasa uzlaşa bilər. O, özünün salamat qalması üçün ən yaxın ətrafını belə ”xərcləyəcək" adamdır. Onun hazırda tutduğu xətt bundan ibarətdir. Əli Kərimli ilə məhkəməyə çıxacağıq. O, məhkəmələrə qədər uzlaşmağa çalışır ki, prosesi öz xeyrinə dəyişə bilsin. Amma Əli Kərimlinin əvvəlki əlaqələri, bağlarının hamısı qırılıb. O, bu vəziyyətində heç bir iş görə bilməz, çünki nə ətrafında, nə də hökumətdə ona kömək edəcək heç kəs qalmayıb".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər