Azərbaycan Milli İstiqlal Partiyasının ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat Konfransını açan AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, təmsil olunduğu partiya hər ilin sonunda göstərdiyi fəaliyyətlə bağlı ictimaiyyətə hesabat verir və növbəti il üçün planlarını açıqlayır. Bu səbəbdən də partiya rəhbərliyi ənənəyə sadiq qalmaqla KİV vasitəsi ilə 2015-ci ilin yekunları ilə bağlı hesabatı cəmiyyətın diqqətinə çatdırmağı lazım bilib.
AMİP-in sədr əvəzi, partiyanın baş katibi Arzuxan Əlizadə media nümayəndələri qarşısında hesabatla çıxış edib. AMİP sədri bildirib ki, yola saldığımız 2015-ci il dünyada, regionda və Azərbaycanda baş verən sürətli proseslər və dəyişikliklər fonunda bir sıra mühüm hadisələrlə yadda qalıb.
Onun sözlərinə görə, il ərzində ölkənin aparıcı siyasi təşkilatlarından biri olaraq AMİP həmişəki kimi ölkədəki proseslərin episentrində olub: “Cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməklə partiya üzərinə götürdüyü missiyanı yerinə yetirib. AMİP ölkədə qarşılıqlı etimad mühitinin yaradılması məqsədi ilə dialoq təşəbbüsləri ilə çıxış edib, iqtidar nümayəndəsi ilə təşkil olunan görüşlərə qatılıb, həmin görüşlərdə mövcud seçki qanunvericliyinin təkmilləşdirilməsi, proporsional və ya qarışıq seçki sisteminin bərpası, parlamentdə təmsil olunmayan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, siyasi partiyaların maddi-texniki bazasının yaxşılaşdırılması və və bir sıra digər təkliflərlə çıxış edib”.
A.Əlizadə qeyd edib ki, AMİP müxalifət cəbhəsində inteqrasiya proseslərində də müəyyən təkliflərlə çıxış edib: “Müxalifətdaxili inteqrasiya və əməkdaşlıq istiqamətində də dəfələrlə təşəbbüslər qaldırılıb və bununla bağlı digər siyasi partiyalarla bir sıra təmaslar qurulub. 2015-ci il Azərbaycanda parlament seçkiləri ili olduğu üçün partiya il ərzində əsas fəaliyyət istiqamətlərini seçkilərdə aktiv iştiraka köklənib. 2010-cu il seçkilərindən fərqli olaraq bu dəfə daha çox kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyi qərara aldıq və partiya parlament seçkilərində 29 namizəd irəli sürdü. Lakin qeydiyyat prosesində bir sıra səbəblərdən seçkiyə yalnız 12 qeydə alınmış namizədlə qatıldıq”.
AMİP-in gözlənilən qurultayına gəldikdə Arzuxan Əlizadə bildirib ki, 2015-ci il partiyanın növbəti 11-ci qurultayının keçirilməsinə hazırlıqlarla yadda qalıb: “Bu məqsədlə aprelin 12-də Mərkəzi Şura müvafiq qərar verib və qurultaya hazırlıq üzrə təşkilat komitəsi formalaşdırılıb. Keçən müddət ərzində AMİP-in bütün rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilib, qurultaya nümayəndələr seçilib. Əsas diqqətin parlament seçkilərinə yönəlməsi və bir sıra təşkilati-logistik işlərin yekunlaşmaması səbəbi ilə Qurultayın 2016-cı ildə keçirilməsi qərara alınıb. Partiya cari ildə beynəlxalq əlaqələr sahəsində bir sıra uğurlara imza atıb. Beynəlxalq Demokrat İttifaqı (İDU) çərçivəsində dünyanın aparıcı ölkələrinin nüfuzlu siyasi partiyaları ilə mütəmadi təmaslar olub, eləcə də yeni əməkdaşlıq münasibətləri qurulub. Eyni zamanda Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) ilə münasibətlər inkişaf etdirilib, EPP rəhbərliyi ilə Brüsseldə EPP mənzil-qərərgahında və Avropa Parlamentində bir sıra görüşlər keçirilməklə AMİP-in bu nüfuzlu quruma üzvlüyü məsələsində prinsipial razılığa gəlinib”.
Nemət