16 Yanvar 2016 12:22
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalq dövlət başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi barədə qərarını böyük sevinclə qarşılayır. İndi biz il ərzində plan üzrə əvvəllər dünyaya çatdıra bilmədiklərimiz mesajları verəcək, məsələlərin müzakirəsini aparacaq, ölkənin ictimai-siyasi həyatında əyani olaraq sübuta yetirilə biləcək mövzuları qabardacağıq. Bir sözlə, Azərbaycan adına önəmli addımlar atacağıq".

Milli Məclisin yəhudi əsilli üzvü, deputat Yevda Abramov Prezident İlham Əliyevin 2016-cı ilin "Multikulturalizm ili" elan etməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi üçün ciddi səbəblər var: "Çünki Azərbaycan artıq bir neçə ildir ki, özünün bütün dünyada millətlərarası, konfessiyalararası, dinlərarası münasibətlər, multikulturalizm sahəsində dünyada bənzəri olmayan bir dövlət olduğunu sübut edib. Əbəs yerə deyil ki, bu qəbildən olan bütün əsas beynəlxalq konfranslar, forumlar, disputlar Azərbaycanda keçirilir. Bu saat bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Azərbaycan hazırda bütün dünyada bir canlı nümunə hesab olunur. Bu gün bizim demokratik nailiyyətlərimizin içində ən uğurlusu, Azərbaycanın identifikasiya kodu, vizit kartı, ən mühüm atributlardan biri məhz multikulturalizmdir. Bunu bütün dünya, bəşəriyyət, dünyanın siyasi xadimləri, bütün aparıcı dövlətlərin dövlət və hökumət başçıları da belə qəbul edirlər. Azərbaycan onlar üçün bu sahədə bir nümunəyə çevrilib. Bizim tolerantlıq və multikulturalizm sahəsində böyük və zəngin təcrübəmiz var. Ona görə də dövlət başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi yerində verilmiş mühüm qərardır".

Yevda Abramov ölkəmizdə olan devalvasiya sonrası süni qiymət artımına da münasibətini açıqlayıb: "İşbazlar devalvasiyadan istifadə etməməlidir. Qazaxıstandakı devalvasiya ölkəmizdəki devalvasiyadan da güclüdür. Rusiyada devalvasiyaya bizdən əvvəl başlayıb, amma orada yerli istehsal malları, strateji məhsullar bahalaşmayıb. Bizdə isə süni olaraq boşluqdan istifadə edirlər. Ona görə də cənab Prezident həm Nazirlər Kabinetinin iclaslarında, həm də ayrı-ayrı çıxışlarında məmurların, icra başçılarının ünvanına dəfələrlə mesajlar göndərib. Bu çətinliklərdən birgə çıxmalıyıq. Ona görə də xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz".

Deputat hesab edir ki, məmurlar insanlarla görüşüb onların narazılıqlarını dinləməli, süni qiymət artımının qarşısının alınması üçün tədbirlər görməlidir: "Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da insanların müəyyən məsələlərdən narazılığı olması təbiidir. Amma icazəsiz şəkildə mitinq edib nəqliyyatın qabağını almaq, yolu kəsmək doğru deyil. Qanuni, icazəli mitinqlərin tərəfdarıyam. Ağsaqqallar rayon icra başçılarının yanına gedib onun qarşısına öz tələblərini qoysunlar. Strateji məhsullarla bağlı süni qiymət artımı haqlı narazılığa səbəb olur. Amma bu narazılığı qanuni formada dilə gətirmək lazımdır. Azərbaycan Konstitusiyasında bütün bunlar təsbit olunub. İcazə olmadan yığışıb gecə yarısı Rusiya magistralını kəsmək doğru addım deyil, bu, ölkə iqtisadiyyatına böyük zərbədir. Yerli icra orqanları insanları dinləməyə məcburdur. Bu, onların birbaşa gündəlik işləridir. Hansı rayonda icra hakimiyyətinin başçısı xalqın içərisindədirsə, orada narazılıq yoxdur. Harada ki xalqın tələblərini qulaqardına vururlarsa, orada xoşagəlməz hallar yaşanır. Cənab Prezident ən qısa zamanda belə məmurlarla bağlı ölçü götürəcək".

Nərgiz


Müəllif: