19 Yanvar 2016 13:55
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı maraqlı fikirlər səsləndirib.

Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, prezidentin iki paketdə parlamentə təqdim etdiyi 7 layihəni inqilabi dəyişiklik hesab edir: “Bütün dünyada, qonşu ölkələrdə də milli valyutalar devalvasiya edib. 2016-cı ildə problemlər yaranıb. Prezident bu durumu nəzərə alaraq çörəyin, unun, buğdanın qiymətini stabilləşdirdi. Bu məhsullar əlavə dəyər vergisindən azad edildi. Təbii ki, devalvasiya zamanı sahibkarlar gəlir əldə etmək üçün qiymətləri 100 faiz qaldırdı. Biz süni qiymət artımından danışarkən, hansısa məhsulların qiymətinin devalvasiya adekvat artırılmasını nəzərdə tutmuruq. Prezidentin tapşırığı, İqtisadiyyat Nazirliyinin tədbirləri sayəsində süni qiymət artımının qarşısı alınıb. İndi təqdim edilən qanun layihələri əhəmiyyətlidir. Bu banklara olan etimadı artırmalıdır. İndiki vəziyyətdə cənab Prezident düzgün addım atıb və bu qərar doğrudur. Vergi Məcəlləsinə, Gömrük taarifi haqqında qanuna dəyişikliklər də müsbət haldır və bunun nəticəsini görəcəyik. Dəyişikliyə əsasən, 7 il müddətinə avadanlıqların ölkəyə gətirilməsi vergidən azaddır. Yerli istehsalı artırmaq üçün dəyişikliklər müsbət perspektivlər ortaya qoyur. Bu qanunlar çox müsbət və mütərəqqidir. Əsas məsələ bu qanunların icrasıdır. Biz bu yöndə hökumətə dəstək verməyə hazırıq. Xüsusilə, mən son günlər atılan addımları müşahidə edirəm. Bütün proseslərin başında prezident durur və hər şeyi şəxsən özü koordinasiya edir".

Deputat bildirib ki, hazırda ən çox narahatlıq doğuran məsələ regionların inkişafıdır: "Nazir qeyd etdi ki, regionlarda 150 layihə həyata keçiriləcək. Mən hesab edirəm ki, onlar bütün rayonlar üzrə bərabər paylanmalıdır. Ölkədə 43 bank fəaliyyət göstərir. Bankların birləşdirilməsi ilə bağlı məsələ var. Bu mexanizm həyata keçirilməlidir. Yeni obyektlərin özəlləşdirilməyə açılması müsbətdir. Bəzi obyektlər 10 illər əvvəl özəlləşdirilib, lakin indiyə qədər qapısı bir dəfə də açılmayıb. Məncə, bu məsələyə də diqqət olmalıdır. Ümumilikdə dəyişikliklər vacibdir və mən bu dəyişiklikləri həyata keçirmək üçün hökumətə uğurlar arzu edirəm”.

Nemət


Müəllif: