30 Yanvar 2016 17:31
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Ora toplaşanların məqsədi bəlli deyil”

Respublikaçı Alternativ Hərəkatı (REAL) müxalifət düşərgəsində yeni birlik yaratmaq uğrunda edilən cəhdləri qiymətləndirib. REAL-ın icraçı katibi Natiq Cəfərli deyib ki, onların müxalif düşərgənin yanvarın 24-də keçirdiyi tədbirdən məlumatları olub.

Onun sözlərinə görə, özləri də tədbirə dəvət alıbmış: “REAL İdarə Heyətinin bəzi üzvləri, habelə son zamanlar iqtisadi mövzularda aktiv çıxış edən nümayəndələrimiz müxalifətin 24 yanvar tarixli tədbirinə dəvət almışdı. Sadəcə, biz REAL olaraq tədbirə dəvət almamışdıq və həm də iştirak etmək niyyətimiz də yox idi. Səbəbi də odur ki, bu toplantının hədəfi, ora toplaşan insanların məqsədlərini hansı formada reallaşdırması bəlli deyildi. Əslində, dünyada oturuşmuş bir qayda var. Bu tipli tədbirləri keçirməzdən öncə toplantının məram və məqsədi tezislər şəklində dəvətlilərə göndərilir. Dəvət alanlar da mövzu, tədbirin yol xəritəsi barədə məlumat əldə etdikdən sonra gedib-getməmək barədə qərar verirlər. İkincisi, bizim həmin toplantıda iştirak edənlərə hörmətimiz var, onlar uzun illərdir siyasətlə məşğul olurlar. Ancaq o da faktdır ki, son 20 ildə bu toplantıda iştirak edənlərin tamamı müxtəlif birliklərdə təmsil olunublar. Beləcə, müxalifətin yaratdığı 9-10 birlik modelinin hər birində olublar, lakin bu birliklərin heç biri uğurlu olmayıb. Buna da səbəb bəlli məqsəd və maraqlara xidmət edən sənədin ortalığa çıxmaması faktıdır. Əlbəttə, onlar barəsində müsbət fikirlər söyləmək, lap tərif etmək də olar. Ancaq birlik modelləri şəxslər üzərində deyil, ideyalar və hədəflər üzərində olmalıdır. Bu hədəflərin də konkret yol xəritəsi olmalıdır. Belə bir yol xəritəsinin olmasını biz görmədik. Təbii ki, ictimai müzakirələr normaldır. Ancaq bu tədbirin hansısa bir effekt verəcəyi, ölkənin indiki durumunda ortaya bacarıqlı təkliflər çıxaracağına şübhə ilə yanaşıram. Ona görə də, yaxın gələcəkdə bu kimi toplantılarda bizlərin iştirak etmək niyyəti yoxdur”.

REAL təmsilçisi ənənəvi müxalifət partiyalarına xatırladıb ki, onlar 3 il əvvəl ortaya proqram qoyublar, bu sənəddə bir çox istiqamətdə təkliflər irəli sürülüb: “Sənəd 80 vərəqdən ibarətdir. Biz bu proqramın arxasındayıq. Əgər bu sənəd və təkliflərimiz ətrafında müzakirə etmək təşəbbüsləri olarsa, biz buna hazırıq. Biz bu təkliflərimizi ictimaiyyətə açıqlamışıq, eləcə də, partiyalara internet vasitəsi ilə təqdim etmişik”.

N.Cəfərli deyib ki, REAL-ın üzvü olan və müxalifətin toplantısına ekspert qismində dəvət edilən şəxslərdən heç kim bu tədbirdə iştirak etməyib: “REAL-ın qərarı var. Mütəxəssis kimi dəvət olunsaq da, bizim siyasi kimliyimiz var. Yəni bizim kimliyimiz REAL Hərəkatının kimliyi ilə eyniləşib. Bizim həmin tədbirdə iştirakımız həm də REAL-ın iştirakı kimi təqdim oluna bilər. Odur ki, bizim ekspert kimliyimiz də REAL-ın çətiri altındadır. Bu mənada bizim hansısa tədbirdə iştirakımız REAL-ın ümumi mövqeyinə xələl gətirməməlidir”.

CAVİDAN


Müəllif: