9 Fevral 2016 11:57
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar heç vaxt bir yerdə olmayıblar. Azərbaycanın evini elə onların bu fəaliyyəti yıxıb. Hərəsi bir yerə çəkirdi. İndi də qalıblar ortada. Hər birinin öz ambisiyası, marağı, istəyi var. Biri o yana, biri bu yana xidmət edir. Vətənə xidmət edəni yoxdur. Əgər hamısı Vətənə xidmət etsəydilər, indiyə qədər elə bir olardılar”.

Bunu sabiq deputat Hacı Əbdül Azərbaycan müxalifət düşərgəsinin indiki durumunu şərh edərkən deyib.
Qeyd edək ki, hazırda müxalifət düşərgəsində üç toparlanma mərkəzi müşahidə olunur. Bunlardan biri kiçik partiyaların birliyidir. Digəri AXCP və Milli Şuradır. Müsavat Partiyası da ona yaxın partiya və şəxslərdən ibarət blok formalaşdırmaq istiqamətində addımlar atır.

Hacı Əbdül isə xatırladır ki, bu qüvvələrin hamısı vaxtilə hakimiyyətdə birgə olub, yüksək postlar tutublar. Onun sözlərinə görə, bu adamlar elə hakimiyyətdə olduğu zamanlarda da bir-birilə intriqa, rəqabətdə olublar: “Bunlar bir yerdə vəzifədə olublar. İndi də bunlar bir yerdə olmalı idilər. Ancaq görünən budur ki, onlar hökumətdə olduqları zaman da bir-birinə qarşı olublar. Çünki bunların dilləri ilə əməllər bir olmayıb. Bu, reallıqdır”.

Hacı Əbdül daha sonra qeyd edib ki, artıq bu müxalifətin Azərbaycana heç bir xeyri ola bilməz. Onun qənaətincə, indiki müxalifətin potensialı tükənib və perspektivi yoxdur: “Bunlardan heç bir fayda yoxdur. Sadəcə, özlərini gündəmdə saxlamaq üçün artistlik edirlər. Bunlar müxalifətdə kimlərinsə marağına qalıblar. Əks halda 20 ildən çox müxalifətdə qala bilməzdilər”.

Hacı Əbdül daha sonra qeyd edib ki, bu qüvvələr vaxtilə onun da müdafiə etdiyi hökuməti yıxa bilməzdilər: “Onlar hökuməti yıxa bilmədilər. Sadəcə, hökumət bunları oynadırdı. Bunlar həmişə oynayıb. İndi də oynayırlar. Belə müxalifət hamıya sərf edir. Bunlar hər deyilənə oynayırlar. Mən bunları müxalifət hesab etmirəm. Qurtardı! Mənim nə İsa Qəmbər, nə Pənah Hüseyn, nə də digərləri ilə münasibətim yoxdur. Ola da bilməz. Zamanında fərqli siyasi mövqelərdən çıxış etmişik. İsgəndər Həmidovla isə cavanlıqdan münasibətim olub. Bunun siyasətə heç bir aidiyyəti olmayıb. Siyasi məsələlərdə isə bizim fərqli mövqeyimiz var idi və bunu da hər kəs görüb”.

Hacı Əbdül sonda deyib ki, rəhbəri olduğu Vətən naminə Xalq Hərəkatı təşkilatı fəaliyyətini sürdürür: “Toplantılarımız olur, planlarımız da var. Sağlıq olsun, hər şey yaxşıdır. Belə görünür ki, indiki müxalifətdən daha yaxşı müxalifətçilik edə bilərəm. Bunu istisna da etmirəm”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər