12 Fevral 2016 14:46
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) son zamanlar müxalifət düşərgəsində gedən inteqrasiya prosesində iştirak etmir. Bu partiya sonuncu dəfə 2011-ci ildə İctimai Palatanın yaradılması prosesində iştirak edib, az sonra isə bu qurumda fəaliyyətini dayandırıb.

Hazırda müxalifət düşərgəsində müxtəlif inteqrasiya prosesləri gedir. Müsavat Partiyası öz ətrafında yeni müttəfiqlər formalaşdıra bilmədiyi üçün İsa Qəmbərin sədri olduğu Strateji Düşüncə Mərkəzi tədbirlər keçirir, özünə yaxın partiya sədrlərini və ictimai-siyasi şəxsləri ətrafına toparlayır. Milli Şura isə özünü yeganə müxalifət təşkilatı hesab edərək faktiki heç kəslə ünsiyyət yaratmır, digərlərini mövqeyini dəyişmiş şəxslər hesab edir. Bir neçə kiçik partiya isə "Böhran koalisiyası" yaratdığını elan edərək inteqrasiya istiqamətində addımlar atır, tədbirlər keçirir. Bu tədbirlərə AMİP dəvət olunsa da, prosesə qatılmır. Çoxları isə hesab edir ki, artıq AMİP siyasi fəaliyyətini apara bilmir, faktiki olaraq sıradan çıxmaq üzrədir. Partiya sədri Yusif Bağırzadə istefaya getdikdən sonra isə durum daha da kritikləşib. Partiya qurultaya gedib özünə yeni sədr seçmək imkanlarını da itirib.

Lakin AMİP-də belə hesab etmirlər. Düşünürlər ki, bu partiya hələ də müxalif düşərgədə özünün yeri və roluna görə ilk üçlüyə daxildir və öz sözünü nə zamansa deyəcək.

AMİP Siyasi Şurasının üzvü, partiya funksioneri Əli Orucov deyib ki, AMİP həmişə müxalifətdaxili inteqrasiyanın və əməkdaşlığın tərəfdarı olub. Onun fikrincə, partiya müxalif düşərgədə bu istiqamətdə edilən təşəbbüsləri də dəstəkləyib: "Bəlkə də, Azərbaycanda fəaliyyət göstərən yeganə partiyayıq ki, hansısa siyasi qüvvələrlə problemimiz və intriqalarımız yoxdur. Bu həm də ondan irəli gəlir ki, AMİP açıq siyasətə, bərabərhüquqlu və səmimi əməkdaşlığa üstünlük verib. Hansısa qurumda, formatlarda iştirak etmiriksə, bu, AMİP-in müxalifətdaxili inteqrasiyadan və əməkdaşlıqdan özünütədrici kimi anlam vermir. Ölkədəki müxalif düşərgə ilə fərdi olaraq ikitərəfli əlaqələrimiz və təmaslarımız bu gün də davam edir".

Əli Orucov deyib ki, manatın ikinci devalvasiyasından sonra respublikada yaranmış vəziyyətə və gedən proseslərə baxışları bir qədər fərqlidir: "Böhranla bağlı müxalifət düşərgəsinin bir qisminin təşşəbbüs və ideyalarına normal yanaşmaqla bahəm, bundan əvvəlki ideya və təkliflərin həyata keçirilməsi istiqamətində fəaliyyəti daha çox önəmsəyirik. Zənnimcə, iqtidara təklif verməkdən daha çox ictimai nəzarət mexanizminin üzərində işlənilməsi daha uyğun olardı. Digər tərəfdən, bu gün cəmiyyətin siyasi və ictimai fəallığı yetərincə deyil. Bu halda xüsusi təşəbbüslər, təkliflər, birlikləri əhəmiyyətli hesab etmək doğru olmazdı".

Cavidan


Müəllif:

Oxşar xəbərlər